Məni MTN-də təhqir edib, döydü - BP-nin işçisi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının "BP Azərbaycan" şirkətində çalışan şəxsə qarşı qanunsuz hərəkətlər etdiyi məlum olub.

İttiham aktına əsasən, MTN-in Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi Natavan Mirvətova 2015-ci ilin avqust ayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat Texniki İdarəsinin rəisi vəzifəsində xidmət edərkən Çovdarov Akif Teymurxan oğlu, Əzizov Elşad Əzizağa oğlu və digərləri ilə birlikdə mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərərək hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə tamahkarlıq edərək, "BP Azərbaycan” şirkətinin dövlət orqanları ilə iş üzrə şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Hüseynov Yalçın Mövsüm oğlunun külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə sui-istifadə edib.

Belə ki, sabiq MTN əməkdaşları Y.Hüseynovun mobil telefon nömrələrini qanunsuz olaraq, gizli şəkildə dinləyiblər. Həmin şəxslər "BP Azərbaycan” şirkətinin əməkdaşının şəxsi həyatı, xidməti fəaliyyəti barədə E.Əzizovun vasitəsi ilə məlumatlar əldə ediblər. Həmin məlumatlardan istifadə edilərək, dəstə üzvləri 2015-ci ilin avqust ayının 20-də saat 12:00 radələrində Y.Hüseynov nazirliyə çağırılıb. Y.Hüseynov nazirlikdə olarkən ona 4 saatdan artıq ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamasına imkan verilməyib. Keçmiş MTN əməkdaşları hakimiyyət həddi və vəzifə səlahiyyətlərini aşılmaqla ona fiziki və psixi təzyiq göstəriblər.

Bundan başqa, Y.Hüseynov nalayiq ifadələrlə təhqir edilib, ona hədə qorxu gəlinməklə bədəninin sifət və digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirilib. Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü idarəsinin sabiq rəisi Rəsul Rəsulov Y.Hüseynovla görüşüb. Daha sonra həmin şəxs Y.Hüseynovun barəsində aparılan araşdırma ilə əlaqədar həbs olunacağı, şəxsiyyəti üzərində zor tətbiq ediləcəyi ilə hədələyib, ondan 10 min manat nağd pul vəsaiti verməsi tələb olunub.

İttiham aktında göstərilib ki, həmin şəxslər mütəşəkkil dəstə tərkibində özgənin külli miqdarda pul vəsaitlərini hədə-qorxu ilə tələb edilməklə zərər çəkmiş şəxsin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.

Zərərçəkmiş Y.Hüseynov şikayət ərizələrində və ifadələrində bildirib ki, 2013-cü ilin iyun ayında "BP Azərbaycan" şirkətində torpaq məsələləri üzrə koordinator işləyərkən ona zəng edib, özünü MTN əməkdaşı və işlədiyi şirkətin kuratoru kimi təqdim edən şəxs onu nazirliyə dəvət edib: "Nazirlikdə məni Anar və Cəfər adlı əməkdaşlar qarşılayıb, 2-ci mərtəbyə apardı. Orada mənə "Odnoklasnik" sosial şəbəkəsində keçmiş sinif yoldaşlarım olan erməni əsilli şəxslərlə yazışdığımı, İran İslam Respublikasının əks-kəşfiyatına məlumat ötürməyim barədə məlumatlarının olduğunu dedilər. Həmin məsələni rəislərinə deyəcəklərin bildirib, məni buraxdılar. Səhərisi gün Rəsul Rəsulov adlı MTN əməkdaşı nazirliyin qarşısına məni dəvət edib xəstəxananın həyətində onunla görüşdük. Məsələ ilə əlaqədar 20 min manat pul tələb etdi. Həmin məbləğdə pulum olmadığından 1000 min manat verə biləcəyimi dedim. Rəsul Rəsulov razılaşmayıb, 10 min manat istədi. O, bir gün vaxt verdi. Növbəti gün metronun "İnşaatçılar" stansiyasının yaxınlığında görüşə "Toyota Land Cruiser" markalı avtomaşını ilə gəlib, ona 10 min manat pul verdim".

Y.Hüseynov bildirib ki, 20 avqust 2015-ci il tarixdə özünü onların kuratoru olan MTN əməkdaşı Bəhruz kimi təqdim edərək nazirliyə çağırıb: "Məni komendaturada başqa bir şəxslə birlikdə qarşılayaraq, 2-ci mərtəbəyə qaldırdı. Orada məni təhqir edib, yumruq və təpiklə döyməyə başladı. O, "BP Azərbaycan" şirkətində torpaq ayırma proqramı ilə əlaqədar aparılan daxili araşdırmaya köməklik etməməyi, onların kombinasiyasını pozduğumu bildirdi. Əks halda məni və bacımı işdən çıxartdıracağı ilə hədələdi. Həmin gün saat 17:00 radələrində MTN-dən çıxıb, evə getdim. Döyüldüyüm üçün xəsarətlər aldığımdan küçəyə çıxa bilmədim, 5 gün evdə qaldım. Səhərisi gün Rəsul Rəsulov zəng edib, görüşə çağırdı. Lakin xəsarətlərimlə əlaqədar görüşə bilmədik. 24 avqust 2015-ci il tarixdə Rəsulun təkidi ilə onunda görüşdük. O, 10 min manata həmin məsələni bağlaya biləcəyini dedi. Rəsula pulumun olmadığını söylədim. O, yeni ilə kimi həmin məbləğdə pulu ona verməyimi tələb etdi"./report.az/

MediaFax