Məmmədyarov Lavrovla görüşdü - Yenilənib

11:12 
 
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.
 
Bu barədə APA-ya XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.  
 
Moskvaya səfər çərçivəsində E. Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq. 
 
Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.
 
------------
18:42
 
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub.  Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
 
Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.
 
Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulub. Bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlinib.
 
Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

MediaFax