29.09.2016
19:21
Bakıda intihar hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında Yeni Yasamal, D. Bünyadzadə küçəsi 12, mənzil 178 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 16 yaşlı Taleh Atakişiyev özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
İlkin məlumata görə, intihar edən şəxs orta məktəb şagirdi olub.
Faktla bağlı araşdırma aparılır./APA/
-----------------
30.09.2016
15:28
"Yaxşı, sakit uşaq idi, amma çox dərdi vardı…"
Dünən axşam Yeni Yasamal, D.Bünyadzadə küçəsi 12, mənzil 178 ünvanında özünü asan 16 yaşlı Taleh məktəb dostlarının xatirəsində belə qalıb.
Taleh Valeh oğlu Atakişiyev Bakı şəhəri Yasamal rayonu, 53 saylı orta məktəbin XI sinif şagirdi olub. İntihar etməsəydi, bu il məzun olacaqdı...
İntihar edən gəncin bu qısa həyatına sığışdıra bildiyi problemləri ürək ağrısız oxumaq mümkün deyil.
Talehin müəllimləri ilə söhbətində onun həyatı barədə bəzi məlumatları əldə edə bildik.
"Atası Valeh kişi 2 il əvvəl qida borusu xərçəngindən dünyasını dəyişib. Anası tatardır. Talehin valideynləri o uşaq olanda boşanıblar. Uşaq o vaxtdan atası ilə qalırmış. Atası iki il əvvəl dünyasını dəyişəndən sonra onu bibisi yanında saxlayır.
Taleh atasını itirib, anasız da qalmasın deyə bibisi onun anasını tapıb gətirir. Ancaq qadın içkiyə qurşandığı üçün Taleh onunla yaşaya bilmir və qadın yenə də çıxıb gedir, o gedən bu gedən… "Hələ də oğlunun ölümündən xəbərsizdir".
Bunları Talehin 10 il 29 gün təhsil aldığı 53 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubova danışır. M.Yusubova həm də Talehin rəsmxətt müəllimi olub. Onun dediyinə görə, atasının sağlığında Taleh çox intizamlı uşaq olub. Həm mənəvi, həm də maddi cəhətdən problemsiz görünürdü. Amma…
Münəvvər Yusubova danışır: "Atası iki il əvvəl birdən-birə xəstə düşdü. Mənə zəng etdi ki, Talehə icazə verin, qalsın evdə, iki gün boğazıma su töksün. İki gün sonra Taleh zəng vurub dedi ki, atam rəhmətə getdi..."
2014-cü ildə atasını itirdikdən sonra Talehin çətin günləri başlayır. Hətta evdə yemək tapa bilməməsi barədə də müəlliminə şikayətlənibmiş. Getdikcə sıxıntıları artan Talehin bu il məktəbli forması almağa belə pulu olmayıb: "Köhnə bir köynək-şalvarı var idi, onunla dərsə gəlib-gedirdi. Səhər məktəbin qarşısında sıradan çıxarmasınlar deyə, saat 7-dən gəlib otururdu sinifdə. Baxan yox idi ona. Axır vaxtlar çox arıqlamışdı, üst-başı baxımsız idi. Sakit uşaq idi. Düzdür, yaxşı oxumurdu, amma hər gün dərsə gələrdi. Bir mənfi cəhəti var idi ki, siqaret çəkirdi. Heç kimlə problemini bölüşməsə də belə yaxın dostları onun dərdli olduğunu indi də deyib ağlayırlar…"
16 yaşlı Taleh bu gün Kürdəmirdə - 2 ildir ayrı qaldığı atasının yanında dəfn olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də sorğumuza cavab olaraq bildirilmişdi ki, Taleh Atakişiyev dərsə davamiyyəti ilə fərqlənən və orta qiymətlərlə oxuyan şagird olub.
Yasamal rayon prokurorluqdan verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır./lent.az/