Dünən Bakıda orta məktəblərin birində qadınlar arasında dava olub.
Hadisə Səbail rayonu ərazisində yerləşən 51 saylı orta məktəbin inzibati binasında baş verib.
Məktəbdə nəzarətçi işləyən qadınla şagirdin anası əlbəyaxa olub.
Hər iki qadının xəsarət aldığı qeyd olunur.
Məktəbin işçisi tərəfindən döyüldüyünü iddia edən Ağamalıyeva Ramella hadisənin necə baş verdiyini danışıb: "Qızım Ayan 51 saylı orta məktəbin binasında yerləşən 10 saylı Zəngilan məktəbində 1-ci sinfə gedir. Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın uşağı itələdi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi. Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu mənim acığıma gəldi. Qadına etiraz edəndə, mənə hücum çəkdi. Bunu bütün valideynlər də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq polisə müraciət etmişəm. Özümə də xəsarətlər yetirib”.
Mübahisənin baş verdiyi 51 saylı orta məktəbin direktor müavini Kifayət müəllimənin sözlərinə görə, hadisə onların məktəbinin inzibati binasında baş versə də, bunun 51 saylı orta məktəbə aidiyyəti yoxdur.
Çünki 10 saylı Zəngilan məktəbinin bəzi sinifləri onların məktəbinin binasında dərs keçir. Mübahisə edən də məhz o məktəbin şagirdinin valideyni olub.
Direktor müavininin sözlərinə görə, valideyn məktəbin işçisinə ciddi xəsarət yetirib. Artıq bununla bağlı həkimin rəyi də alınıb./femida.az/
MediaFax