Bloqqer Mehman Hüseynov yanvarın 12-də, saat 16:20-dən 19.30-dək Bakı şəhər Prokurorluğunda işgəncə şikayəti ilə bağlı ifadə verib.
Onu müstəntiq Hafiz Alıyev zərərçəkən qismində dindirib.
Dindirmə Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı müraciəti əsasında aparılıb. Bloqqerin deməsinə görə, o, ekspertizadan da keçib.
Daxili İşlər Nazirliyi (DİN) də Baş Prokurorluq qarşısında Mehman Hüseynovla bağlı vəsatət qaldırıb.
Nazirlik hesab edir ki, bloqqer ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb. Baş prokurorluqdan buna hüquqi qiymət verməsi istənilir.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.
Mehman Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.
Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
Yanvarın 11-də isə Mehman Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı./azadliq.org/
MediaFax