Məhkəmədə zor tətbiq edilən 10 yaşlı Nurayın atası DANIŞDI

On yaşlı Nurayın atası Əvəz Bayramov müsahibə verib.

- Əvəz müəllim, qarşı tərəf bildirir ki, keçmiş həyat yoldaşınız xərçəng xəstəsi olub və ondan imtina etmisiniz.

- Keçmiş həyat yoldaşım 2007-ci ilin sentyabrın 1-də mənim evimdən gedib.

- Öz istəyi ilə?

- Ailəmi yığıb rayona məzuniyyətə getmişəm. Anasıgilə getmək istəyib, aparmışam, üç gündən sonra zəng vurmuşam, deyib ki, boşanıram, istəmirəm. Deyirdi ki, sən reanimasiya şöbəsində gecə növbəsində işləyirsən, nə bilim harada qalırsan.

- Altı ildə övladınızı görməyə cəhd etmisiniz?

- 2011-ci ilin sentyabr ayından məhkəmə gedir. Anası 2010-cu ildə vəfat edib, müsəlmanlıq xatirinə bir il gözləmişik. Bizdə qayda belədir. Qohumlarım da dedi ki, hər halda gəlinimiz olub.

- Əgər uşaq sizinlə qalmaq istəmirsə və məcbur edirsinizsə, o əlavə travma alır axı...

- Bu qədər uşaq evləri, internatlar var, hər yaşda da uşaq var. Onda həmin uşaqlar ruhi xəstə olmalıdır?

- Siz deyirsiniz ki, uşağımı istəyirəm, xalası əksini deyir...

- Kim razı olar ki, uşağı bacanağının yanında böyüsün? Mənim uşağımdır e, kiminsə fikri maraqlı deyil.

- İkinci dəfə ailə qurmusunuz?

- Bəli.

- Həyat yoldaşınız razıdır?

- Bəli, razıdır, məhkəmə sənədlərində də var. Millətə sübut edə bilmirəm ki, bu uşağın atası mənəm, ona sahib çıxmaq istəyirəm. Əgər uşağı vermək fikirləri var idisə, uşağımın beş yaşı olanda verərdilər, bu söz-söhbət də olmazdı.

- Məhkəmə icraçıları övladınıza qarşı kobud davrananda niyə müdaxilə etmədiniz?

- Orada baş verənlər heç yadımda deyil. Çox əsəbiydim. Altı-yeddi ildir məhkəmə gedir, təsəvvür edin. Neçə ildir ki, işlədiyim xəstəxanadan övladıma aliment ödənilir, ancaq bunlar nəinki mənə, baş həkimimə, mühasibatlığımıza böhtan atırlar. Hələ onların cavabını soruşacağam.

- Həyat yoldaşınız qohumunuz idi?

- Təsadüfi evlilik idi, qonşu kənddə yaşayırdılar. Bunlar özlərini çox tərbiyəli, əxlaqlı göstərmək istəyirlər. Onlara sual verin, bu qədər məhkəmələr, proseslər olub. Bəs niyə yoldaşımın qardaşları bu işə qarışmır?

- Niyə?

- Bu sualı onlara verin. Çünki boşanandan sonra yoldaşım qardaşlarına deyib ki, məni necə boşatmısınızsa, axıra qədər də baxın. Aralarında münaqişə var idi. Təsəvvür edin ki, bacı, ana qardaşlarla bir yerdə yaşamırlar. Gəlin köçəndə əgər ata vəfat edibsə, bacının qolundan qardaş tutur. Bizim toy kasetimizdə 55-60 yaşlı qardaşlar kənarda qalıb, bacı bacının qolundan tutub çırağa dolandırır.

- Özünüz təhsilli, ziyalı insansınız. Niyə evliliyə qədər belə olduğunu hiss etmirdiniz?

- Sonradan kasetdə görmüşəm. İkinci bacısının əri onların ağsaqqalıdır.

- Deyəsən haqqında danışdığınız şəxsin adı Eldardır...

- Deyəsən çox məlumatlısınız. Bir bacanağım bunlara heç yaxın durmur.

- Altı ildə uşağı sizə göstərirdilər?

- Məhkəmələr gedirdi, arada kin-küdurət var, o uşağa yaxın dura bilərdimmi. İstərdim danışdıqlarım olduğu kimi dərc edilsin. Mən öz uşağımı istəyirəm, kiminsə uşağını yox. Əgər məhkəmələr formaldırsa, Ədliyyə Nazirliyi nəyə lazımdır? Məgər uşağın xalasının deməyiylədir? Onlar yaxşı insan olsaydılar, başa salardılar ki, atan həkimdir, səni istəyir. (olke.az)

MediaFax