Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib.
Apasport.az saytının məlumatına görə, mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin (57 kq) ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.
Hacı 1/4 finalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) məğlub olub. London-2012-nin finalçısı olan Xinçeqaşvili həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb.
Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə qalib gələn pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.
X X X
Güləşçi Cəbrayıl Həsənov Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, 74 kq çəkidə çıxış edən Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0.
O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşıb. Həsənov bu rəqibini də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. İlk hissədə 11:0 hesabı ilə önə keçən həmyerlimiz yarımfinala vəsiqə qazanıb.
Həmyerlimiz finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Cəbrayıl döyüşə yenə fəal başlayıb. Hətta 4:0 hesabı ilə önə də keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib. Yekunda rusiyalı 5:4 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparıb. Onun medal uğrundakı rəqibi özbək güləşçi Bexzad Abdurrahmanov olub. Görüşün əvvəllərindən təşəbbüsə yiyələnən pəhləvanımız sona qədər üstünlüyünü əldən verməyib və yekunda 9:7 hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsində dayanmağa haqq qazanıb.
X X X
Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.
Azərbaycanı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) yığmamızın aktivinə növbəti bürünc medalı əlavə edib.
Harçeqani üçüncü yer uğrunda görüşdə polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək Olimpiya Oyunlarında 3-cü yer tutub.
Qeyd edək ki, Rioya tam heyətlə yollanan taekvondo komandamızın heyətində ilk Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə bu gün mübarizəyə qoşulacaq./APA/
MediaFax