Martın 1-nə kimi vaxt verildi - Kiyevə ultimatum

Donetsk və Luqansk "xalq respublikaları”nın ("DXR” və "LXR”) başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatum verib.

"Obozrevatel” nəşri xəbər verir ki, separatçı liderlər mart ayının 1-nə kimi Donbasın blokadasına son verilməyəcəyi halda bölgədə olan bütün Ukrayna müəssisələrinin "respublikalar”ın hüquq sahəsinə keçəcəyini bildirib.

"Biz Ukraynaya kömürün çatdırılmasını dayandıracağıq. Kömürün çatdırılması üçün nə imkan, nə də ödəniş sxemi var”, – deyə separatçı liderlərin birgə bəyanatında deyilir.

Aleksandr Zaxarçenko və İqor Plotnitskinin sözlərinə görə, Donbasda dəmiryol yollarının blokadası Minsk razılaşmalarına ziddir.

"Biz bütün istehsal proseslərini yenidən quracağıq. Onları Rusiya və başqa ölkələrin bazarına yönəldəcəyik. Məhz bu, "respublikalar”ımızın bəyannamələrində birinci proqram xarakterli vədlərimizdən biri idi”, – "DXR” və "LXR” başçıları yekunlaşdırıblar.

Zaxarçenko isə KİV-ə açıqlamasında bildirib ki, məhz indi "DXR” və "LXR” tərəfindən Ukraynanın blokadası başlanıb:

"Biz daha onlara kömür satmayacağıq. Biz Ukraynaya kömür satmaqda maraqlı deyilik. Bölgədə olan bütün Ukrayna müəssisələri "respublikalar”ın hüquq sahəsinə keçəcək. Bura bütün müəssisələr aiddir, stadionlar, mehmanxanalar və sair. Xüsusi struktur yaradılacaq. Bu müəssisələr Rusiya Federasiyasına yönəldiləcək”.

Onun sözlərinə görə, "DXR”in büdcəsinin 70 faizini milliləşdirilmiş müəssisələr doldura biləcək. "DXR”in başçısı qeyd edib ki, müəssisələrin başqa satış bazarlarına yenidən istiqamətləndirilməsi üçün ən azı 1-2 ay gedəcək./publika.az/

MediaFax