Manatı nə gözləyir? - Ekspert şərhləri

Ekspertlər bildirirlər ki, kəskin devalvasiya qaçılmazdır, önləyici tədbirlər də nəzərə çarpmır

Milli valyuta olan manat ciddi təzyiq altındadır. Artıq gözlənilən FES toplantısı yekunlaşıb, dollarla bağlı faiz dərəcələri artıb, bunun da zəif valyutalardan olan manata təsiri böyükdür. Ölkədə artıq banklar dollar satmaqdan imtina ediblər, bir ay əvvəl başlanan proses, demək olar ki, bütün bankların dollar satmaması ilə yekunlaşıb.

Banklar nəyi gözləyirlər? Kəskin devalvasiyaya gediləcəkmi? Üstəlik, bu ilin avqust-sentyabr aylarında baş verən "qara bazar” əməliyyatından sonra Neft Fondunun valyuta çıxarması ilə vəziyyətin stabilləşməsi bu dəfə də belə olacağı ehtimalları yaradıb.
 
Ekspertlər saytımıza açıqlamalarında məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Ekspert Əkrəm Həsənov bildirib ki, Neft Fondunun ilin sonuna qədər bazara valyuta çıxaracağı gözlənilmir: "Yəni Neft Fondu bu ilə nə qədər vəsait ayırmalı idisə, ayırıb. Nəzəri cəhətdən ola bilər. Heç kəs bunu Neft Fonduna qadağan etmir. Amma mən bu addımı gözləmirəm. Çünki ilin sonunda devalvasiyanın qaçılmaz olduğunu hər kəs bilir, büdcəni doldurmaq üçün vəsait lazımdır. Ola bilər ki, Neft Fondu hərraca cüzi məbləğ çıxarsın, amma avqust-sentyabrda olduğu kimi, ciddi məbləğləri gözləmirəm. Çıxarılsa, bunun yalnız dövlətə ziyanı var. Valyuta ehtiyatları azalacaq”.

Ekspertin sözlərinə görə, banklar dollar satmamaqla gözlənilən devalvasiyadan qazanmaq istəyirlər: "Banklar gözləyirlər ki, manat buraxılsın. Artıq anons da verilib. İqtisadiyyatın yol xəritəsi elə 2017-ci ildən manatın tam sərbəstləşməsi ilə başlayacaq. Bunun da tərcüməsi belədir ki, manatı növbəti kəskin devalvasiya gözləyir. Buna görə də Neft Fondu ilə Mərkəzi Bank gözləyir ki, dolları sonra satıb daha çox gəlir əldə etsinlər. Banklar da əllərində olanı satmırlar, başa düşürlər ki, kurs qalxacaq. Hamı oturub kəskin devalvasiyanı gözləyir. Buna görə də ola bilər ki, ilin sonuna hansısa bir müəyyən ödənişlərə görə bazara müəyyən həcmdə dollar buraxılsın. İlin sonuna qədər növbəti kəskin devalvasiya olsa, təəccüblənmərəm”.

Ekspert Natiq Cəfərli isə saytımıza açıqlamasında bildirib ki, kəskin devalvasiya gözləniləndir: "Bu yaxınlarda Banklara Assosiasiyanın rəhbəri Zakir Nuriyev maraqlı açıqlama verdi, dedi ki, banklarda dollar varmı ki, satsınlar? Banklarda çox ciddi problem yaşanır, təklif azdır, tələb həddindən artıq çoxdur. Son zamanlar hərraclara çıxarılan dolların həcmi kifayət qədər azalıb, ölkənin ehtiyacını ödəmir. Banklarda ümumiyyətlə ciddi problem yaranıb. Çünki ilin sonunda bir çox banklar xarici borclarını bağlamalıdır. Ona görə əldə etdikləri dolları satmaq istəmirlər. Həm ona görə ki, dollar azdır, həm xarici borcları bağlamaq istəyirlər. Üçüncü, daha ciddi məsələ gözləntilərlə bağlıdır. FES toplantısından sonra dolların bahalaşması fonunda Azərbaycan manatının dollara nisbətən daha kəskin ucuzlaşması baş verə bilər. Bu gözləntilər fonunda banklar da əllərindəki dolları satmaq istəmirlər”.

Ekspertin fikrincə, Neft Fondunun bazara dollar çıxarması gözlənilən deyil: "Bu il gözlənilən deyil. Çünki Neft Fondu öz resurslarını bitirib. Gələn ilin əvvəlində belə bir əməliyyat ola bilər. Amma sentyabr ayındakı addım göstərdi ki, bu, effektsiz əməliyyatdır. Cəmi bir neçə həftə təsiri olur, sonra yenidən bazarda ajiotaj yaranır. Ona görə də bu, problemin həlli deyil. Gələn ilin əvvəlində buna bənzər addımlar atıla bilər. Amma bunun da bazarı sakitləşdirməkdən başqa ciddi bir effekti olmayacaq”./musavat.com/

MediaFax