Manat tam buraxılsa, nə olar? - İqtisadçı şərhi

"Yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil”.

Bunu saytımıza iqtisadçı ekspert Samir Əliyev deyib.
 
Onun sözlərinə görə, hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarından biri ola bilər: "Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinini qəbulu ilə üzən məzənnə məsələsi yenidən gündəmə gəldi. Söhbət artıq tam üzən məzənnədən gedir. Çünki sənəddə tam üzən məzənnə rejiminin tətbiqinə keçid hədəflənib. Sənəddə qeyd edilir ki, istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhliz genişləndiriləcək, ortamüddətli dövrdə isə tamamilə ləğv ediləcək. Eyni zamanda bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən maliyyə alətlərinin tətbiqi nəzərdə tutulur.

Hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarından biri ola bilər. Baxmayaraq Mərkəzi Bank dekabrın 21-dən sonra üzən məzənnəyə keçidi elan edib, proseslər göstərdi ki, baş bankımız yumşaq desək buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincini inzibati müdaxilələri müəyyənləşdirir. Belə olmasaydı Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyarddan 4 milyarda qədər azalmazdı. Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollar satıb. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub”.
 
İqtisadçı bildirib ki, Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil: "Yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Çünki Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda "oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır.
 
Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiyaya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub”.

Samir Əliyev qeyd edib ki, Azərbaycan kimi Rusiya və Qazaxıstan da üzən məzənnəyə keçib: "Azərbaycanla müqayisədə digər iki ölkənin iqtisadiyyatında diversifikasiya səviyyəsi yaxşıdır. Bizdə qeyri-neftin ixracda payı 5-10% arasında dəyişdiyi halda Qazaxıstanda 30%, Rusiyada isə 40-50% arasında dəyişir. Rusiya Mərkəzi Bankı üzən məzənnəyə 2014-cü ilin noyabrında keçib və son intervensiyanı həmin ilin dekabrında edib. Qazaxıstanda 2015-ci ilin avqustunda keçilib və intervensiyanı hələ də dövri olaraq davam etdirir. Yəni iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksək olduqca məzənnənin də sərbəst buraxılması məsələsi çətinlşir. Ona görə də Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca və ya gücü artırılmayınca tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Bunun üçün də fundamental addımlar atılmalıdır. Struktur islahatlarından tutmuş dövlətin iqtisadiyyatda rolunun azaldılması, mülkiyyət hüququnun qorunmasından tutmuş məhkəmələrin müstəqilliyinin təmin edilməsi kimi məsələlər həllini tapmalıdır”.

İqtisadçı vurğulayıb ki, hazırda hökumətin əsas fikri daxili istehsalın artımı hesabına idxalı məhdudlaşdırmaqdır: "Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarında xaricdən asılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdən qaçırılmamalıdır.

Tam üzən məzənnəyə keçidin narahatlığı təkcə manatın ucuzlaşması ilə bağlı deyil. Üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir. Ölkə iqtisadiyyatının diversifiksiya səviyyəsi nə qədər aşağı olsa manatın məzənnəsinin oynaması bir o qədər kəskin olacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər”.

Tam üzən məzənnəyə keçid zamanı manatın məzənnəsinin nə qədər olması məsələsinə gəlincə, Samir Əliyev hesab edir ki, bu sahədə səsləndirilən istənilən rəqəm əsaslandırılması mümkün olmamaqla yanaşı reallıqdan uzaqdır:"Tam üzən məzənnəyə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam üzən məzənnəyə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək”./bakipost.az/

MediaFax