"Pah atonnan kolxozçu da elə danışır ki, elə bil deputatdır." Sitat məşhur filmdən idi. Yəqin ki, hamınız xatırladınız...
Bu günlərdə Masallı rayonunda "Viləş" otelində proqramda iştirak etmək üçün gedən Aşıq Əli DYP əməkdaşınının sənədləri tələb etməsinə əhəmiyyət verməyib. Hikkəsindən adıkeçən otelin sahibini - Hacı Mazanı polislə söhbəti "çürütməyə" çağırıb. Məsələ sonuncunun təhqir olunması və az qala döyülməsi ilə bitib.
Bunu oxuyub, "nə olsun ki, bu Azərbaycan reallığıdır" deyə, hətta, məsələni unudub üstündən su da içə bilərik. Amma unutmayaq ki, demokratik ölkədə insanlar qanunlara tabe olmalıdır, qanunlar insanlara yox.
Aşıq Əli və ya qeyri aşıq əlilər, yəni digər aktyor, müğənni, sazçalan, qopuzçalan, daha nə bilim nə çalan da anlamalıdır ki, çinyində paqon gəzdirən səlahiyyətli nümayəndə sənəd tələb edərkən sakitcə əmrə tabe olmaq lazımdır. Bunu mən yox, Milli Məclisdə əyləşən 125 deputatın səs verdiyi, Prezidentin təsdiqlədiyi qanunlar deyir.
Qaldı ki Hacı Mazanın yenidən növbəti qalmaqalla gündəmə gəlməsinə, bu artıq başqa söhbətin mövzusudur. Görünür, keçmiş MTN generalı Eldar Mahmudovun yoxluğu Hacı Mazanın yenidən fəallaşmasına səbəb olub.
Məlumat üçün bildirək ki, Eldar Mahmudovun MTN-ə apartdırdığı adamlardan biri də Hacı Mazan olub. Bir neçə dəfə MTN-ə aparılan Hacı Mazan Eldar Mahmudovla razılaşmağa məcbur olmuşdu...
MediaFax