Venesuela prezidenti Azərbaycanda olub - Yenilənib

21.10.2016 
13:34 
 
Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək./report.az/ 
 
---------------
22.10.2016 
09:21
 
Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycana rəsmi səfərə gəlib.
 
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Venesuela prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar./APA/
 
-----------
12:04

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Venesuela Prezidentinə raport verdi.

Venesuelanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Venesuela Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdirdilər./AZƏRTAC/
 
-------------
12:33 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu qəbul edib.
 
Görüş məhdud tərkibdə olub./APA/
 
------------
13:50 
 
Oktyabrın 22-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.
 
Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzaladılar.
 
X X X 

Oktyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.
 
------------
14:48 
 
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 22-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar./AZƏRTAC/

MediaFax