Mağaza sahibini bıçaqladılar - Bakıda

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində Hacıbaba Məmmədov icarəyə götürərək işlətdiyi ərzaq mağazasında naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Həkim nəzarəti altında saxlanılan Hacıbaba Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən naməlum şəxs oradan qaçsa da, polis onu yaxalaya bilib. Hacıbaba Məmmədovu bıçaqlayan 20 yaşlı Əmrah Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Cinayəti törədən Əmrah Əlizadə Hacıbaba Məmmədovun qonşusudur.

İlkin məlumata görə, hadisə pul üstündə baş verib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

MediaFax