Ölkədə dilənçilər çoxalıb...

Azərbaycanda dilənçilərin, əvvəlki illərə nisbətən pula ehtiyacı olanların, hətta buna görə küçədə utana-utana dayanan yaşlı insanların sayı artıb.
 
Onların çoxu dilənir, salfet satır, bəziləri isə sadəcə olaraq, məzlum şəkildə metroların çıxışında dayanmaqla dilənirlər. Əksəriyyəti yaşlı olan bu insanların üzünə baxanda onların nə qədər utandığını, xəcalət çəkdiyini görmək mümkündür.

Maraqlıdır, ehtiyac içində olan insanların, dilənçilərin sayının bu qədər artmasına səbəb nədir?
 
Sosioloq Əhməd Qəşəmoğlu öncə cəmiyyətdə mənəvi aşınmanın getdiyinə diqqət çəkdi: "Bu insanların üzünə baxanda müəyyənləşdirmək olur ki, kim kimdir. Məsələn, elələri var ki, avtobuslara çıxır, metroda gəzir və camaatı aldadır. Bilirsiniz ki, Azərbaycanın bəzi rayonlarında bu cür dəstə halında yaşayan insanlar da var ki, dilənmək onların həyat tərzidir. Bu cür insanların üzünə diqqətlə baxanda bilinir. Çox təəssüf ki, cəmiyyətdə bir mənəvi aşınma gedir. Əvvəllər dilənçilikdən utanırdılar. İndi isə o utanclıq hissi gedib. Digər mühüm faktor isə odur ki, əvvəllər cəmiyyətimiz elə idi ki, insanların bir birinə münasibətində başqa bir ovqat var idi. Qohum qohuma çalışırdı ki, kömək etsin ya müsəlmanlıq xatirinə bir-birinin yardımına çatırdılar. İndi isə insanlar arasında bir yadlaşma gedir. Bəzən elə adam olur ki, ona heç kim heç bir manatda borc vermək, kömək etmək istəmir. Əvvəllər isə insanlar bir-birinə kömək etməyə daha çox can atırdı. Burada da bir səbəb var ki, 20-30 il bundan əvvəl bir adam dilənəndə, nəyəsə ehtiyacı olanda insanlar inanırdı ki, doğrudan da bu adamın ehtiyacı var. İndi fırıldaqçılar artıb. Bir də baxırsan ki, avtobusda ya metroda kimsə dilənəndə hamı bir-birinə işarə edir ki, bu kələkbazdır, artistlik edir. Yəni mürəkkəbləşən cəmiyyətimizdə bu məsələ çox faktorlu məsələdir”.

Sosioloq insanların yalnızca maddi vəziyyətlə bağlı dilənmədiyini də bildirdi: "Düzdür, bu faktor da var. Elə insanlar var ki, onların doğrudan da heç yerə gümanı yoxdur. Həmin adamların gözünün içinə baxanda da bilinir ki, bu adamlar çox üzgün vəziyyətdədir. Ancaq mən bir sosioloq gözü ilə sağa-sola baxıram və bu cür insanların arasında fırıldaqçıların çoxluğunu görürəm. Bir misal deyim. Bir vaxtlar metroda 13-14 yaşlarında bir qız gəzərdi, əlində də bir kağız yazardı ki, anam xəstədir və özü də laldır. Mən bir gün təsadüfən bu qızı "Nərimanov" metrosunun yanında gördüm. Bu qız telefonda bərkdən danışaraq söyüş söyürdü. Mən yanından keçəndə zarafatla dedim ki, təbrik edirəm, dilin açılıb. Sonra da öyrəndim ki, bu qızın bacısı, anası hamıdan yaxşı geyinib-keçinib şəhərə çıxan adamlardır. Yəni bu cür fırıldaqçılar da çoxdur. Ona görə də birmənalı olaraq onları dilənçi kimi qəbul etmək düzgün deyil. Digər tərəfdən, dövlətin də bu məsələyə diqqəti olmalıdır. Doğrudan da dərin ehtiyacı olan adamlara dövlət kömək etməlidir. Bu, istənilən sosialist cəmiyyətində də, indiki cəmiyyətində də bir qırmızı xətlə keçir ki, hökumətin strukturlarının ağır vəziyyətdə olan əhaliyə kömək etmək borcudur. Bu istiqamətdə də bir fikir aydınlığına ehtiyac var”./musavat.com/

MediaFax