Ötən ildən başlayaraq, Azərbaycanda bank sektorunda problemlərin başlamasıyla problemli kreditlərin də sayı artmağa başlayıb.
Əksər insanların banklarla problemləri, yaxud da banklara borcu var.
Bəs imdançılarımız banklarla bağlı hansısa problem yaşayırmı?
İdmançılarımız arasında sorğu keçirdik.
Bəzi idmançılarımız bankdan kredit götürməyin günah olduğunu bildirdi. Bəziləri isə borcunun olmağına baxmayaraq hansısa problemlə üzləşmədiyi deyib.
London paralimpiya oyunlarının qalibi cüdoçu Ramin İbrahimov:
"Mənim kredit borcum, yoxdur, olmayıb da... Haram olduğuna görə girmirəm, özümü çətinliyə, faizə salmıram. Bankdan kredit almağı da vacib olmadıqca məsləhət görmürəm. Qonşusun acığına kreditə girib, maşın alanlara da Allah ağıl versin”.
London Olimpiya oyunlarının bürünc mükafatçısı, yunan-roma güləşçisi Emin Əhmədov:
"Mənim heç bir kreditim yoxdur. Hər kəs öz hüququnu bilsə, oxusa, əlbəttə kimsənin problemi olmaz.
Mənim hankla heç bir problemim də olmayıb. Əgər bankdan kredit alan şəxslər oradakı müqaviləni oxusalar, bir daha çətin ki, kreditə baş vurmaq istəyərlər. Müqaviləni oxumadan, şifahi eşidib, qol çəkdiklərinə görə kredit alırlar, sora narazı qalırlar”.
Dünya və Avropa çempionu, karateçi Şahin Atamov:
"Belə problemlərdən xəbərim yoxdur, mən elə məşqimi edirəm. Başım yarışlara qarışıb.
Məndə hələ heç bir banka borc deyə bir şey olmayıb. Çünki ən xoşuma gəlməyən bir şeydir borclu qalmaq…”
İlk Avropa oyunlarının bürünc medalçısı, cüdoçu Orxan Səfərov:
"Şükürlər olsun ki mənim elə bir problemim olmayıb. Borcum da yoxdur”.
Dünya və Avropa çempionatı mükafatçısı, cüdoçu İlqar Müşkiyev:
"İndiyə qədər heç bir bank heç kimə məcbur kredit verməyib. Hətta müştərilər özləri yalvar-yaxar edib kredit istəyirlər. Sonda faiz dərəcəsinin çox olmasından və ya qaytarmaq imkanı olmadığından şikayət edirlər. Bəli, mənim də əhalinin çox faizi kimi banka kreditim var. Amma heç bir problemim olmayıb. Kimin də problemi varsa, günahı özündə axtarsın”.
Kikboksinq üzrə dünya çempionu Elşad Ələsgərov:
"Bəli, bankda telefon kreditim var və nəğd pul krediti götürmüşəm. Hər ay da ödəyirik. Amma hər hansı bir problemim olmayıb”.
Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, paralimpiyaçı cüdoçu Ramin Əliyev:
"Allah məni belə haram şeylərdən qoruyur”./aznews.az/
MediaFax