Koreya lideri səlahiyyətlərini baş nazirə verdi

Cənubi Koreya prezidenti Pak Kın Xe parlamentdə barəsində çıxan impiçment qərarından sonra səahiyyətlərini baş nazirə təhvil verib.
 
Cənubi Koreya parlamentində deputatlar prezident Pak Kın Xe barəsində impiçment qərarı çıxarıblar. Bunun ardınca Cənubi Koreya Nazirlər Kabineti xanım prezidentin öz səlahiyyətlərini baş nazir Xvan Qyo Ana təhvil verməsi barədə bəyanat yayıb. 

Bəyanatda Xvan Qyo Anın televizya vasitəsilə xalqa müraciət edəcəyi və ölkənin təhlükəsizlik şurasının toplantı keçirəcəyi də qeyd olunur. 

Cənubi Koreya prezidenti ətrafında siyasi qalmaqala onun rəfiqəsi səbəb olub. Belə ki, Pak Kın Xenin yaxın rəfiqəsi Çoy Sun Sil adlı qadın prezident administrasiyasında heç bir vəzifəyə sahib olmadan prezidentin çıxışlarına düzəlişlər edirmiş. Bundan başqa, xanım prezidentin rəfiqəsi Samsung kimi iri şirkətlərdən fond adıyla külli miqdarda pul tələb etməkdə günahlandırılır. Cənubi Koreya prokurorluğu Çoy Sun Sil və onunla əlbir olan prezidentin iki köməkçisinə qarşı ittiham irəli sürüb. Qalmaqaldan dərhal sonra prezident Pak Kın Xe istefaya getməkdən imtina edirdi.

Bu gün Cənubi Koreya parlamentinin iclasında 234 nəfər deputat prezidentin impiçmentinin lehinə, 56-sı əlehinə səs verib. Nəticə Konistitusiya məhkəməsi tərəfindən təsdiqləndikdən sonra prezidetn öz postundan tamamilə uzaqlaşdırılacaq./aznews.az/

MediaFax