Komitə sədri qadağan olunmuş kitablardan danışdı

"Ölkəmizdə dini nəşrlər və məmulatlar yalnız ekspert rəyi alındıqdan sonra yayıla bilər.
 
Bir sıra kitablarda və nəşrlərdə təriqətlərarası qarşıdurmanı təşviq edən fikirlər öz əksini tapıb. Bu cür kitabların Azərbaycanda nəşrini və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür nəşrlərin yayılması məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirib çıxara bilər”.
 
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, dünyanın əksər ölkələrində bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var. Bu, həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur.

M.Qurbanlı "İslam Həmrəyliyi İli” ilə bağlı Tədbirlər Planı üzərində işin getdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ən mühüm tədbirlərin Bakı şəhərində keçirilməsi planlaşdırılır. Daha sonra digər müsəlman ölkələrində də müxtəlif xarakterli tədbirlərin təşkili mümkündür.

Komitə sədri deyib ki, Tədbirlər Planında bütün sahələr nəzərdə tutulub. İslam həmrəyliyi yalnız dini məsələlərlə məhdudlaşmır. Burada müxtəlif istiqamətlər - iqtisadiyyat, mədəniyyət, humanitar məsələlər, beynəlxalq təşkilatlarda əməkdaşlıq, eyni zamanda, İslam ölkələri arasında, İslam təşkilatları çərçivəsində fəaliyyət, o cümlədən radikal qruplara qarşı birgə mübarizənin aparılması və s. məsələlər öz əksini tapacaq./AZƏRTAC/

MediaFax