Ötən ay Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca yeni subasma hadisəsi baş verib.
M.İbrahimov küçəsində uçqun prosesinin də baş verdiyini deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, küçə relyefin çökək hissəsindədir:
"Küçədə qrunt qularının səviyyəsi Yer səthinə yaxındır və ora qurudulmuş gölün ərazisində yerləşir. Göl qurudulduqdan sonra əhali orada məskunlaşıb. Əhali isə məskunlaşma yerini seçərkən bu kimi bir çox amillərə diqqət yetirməlidir. Çünki dik yamaclarda, çökək ərazilərdə evlər tikirlər və sonra da belə problemlər yaranır. İntensiv yağışlar yağdıqda bu ərazidə qrunt sularının səviyyəsi qalxır və atmosfer yağıntıları yamac boyu axaraq ərazidə subasmanın yaranmasına səbəb olur. Hazırda orada vəziyyət nisbətən yaxşıdır, su çəkilib. Amma yağışların təsirindən Mirzə İbrahimov küçəsi boyunca ərazilərdə yenidən subasma gözlənilir”.
Nazirlik rəsmisinin əhalinin məskunlaşmasına olan iradı əhaliyə aiddir, ya yerli icra orqanlarına? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikirlərini öyrəndiik. Ekspert bildirdi ki, rayon icra hakimiyyəti orqanları ərazidə aparılan tikinti işlərinə göz yumublarsa, deməli bunun məsuliyyəti həmin icra hakimiyyəti orqanlarının üzərinə düşür:
"Təbii ki, əhali dövlətin balansında olan, bələdiyyə mülkiyyətində olmayan əraziləri qanunsuz zəbt edib həmin ərazilərdə tikinti işi aparıblar. Sakinlər burada məskunlaşarkən bu problemləri nəzərə almayıb. Amma məsələnin başqa bir tərəfi var, həmin ərazi üzrə müvafiq yerli icra hakimiyyəti orqanları ərazidə aparılan istər qanuni, istərsə də qeyri-qanuni bütün tikinti işlərindən xəbərdar olublar. Rayon icra hakimiyyəti orqanları ərazidə aparılan tikinti işlərinə göz yumublarsa, deməli bunun məsuliyyəti həmin icra hakimiyyəti orqanlarının üzərinə düşür. Hansısa maraqlar naminə göz yumublar, yoxsa heç bir vətəndaş hər hansı torpaq sahəsində özbaşına tikinti apara bilməz. Xüsusilə, Bakı və Bakıətrafı ərazilərdə. Konkret deyək, Binəqədi ərazisini, daşı daş üstə qoymaq o deməkdir ki, həmin ərazidə dərhal 3-4 orqandan nümayəndələr gələcək və tikinti işlərinə müdaxilə olunacaq. Rayon icra hakimiyyəti əraziyə nəzarət edir, ancaq niyə göz yumur, bunun səbəbləri araşdırılmalıdır”./qaynarinfo.az/
MediaFax