Bu il 18 milyon insan Ərbəin günlərində Kərbəlanı ziyarət edib
Noyabrın 20-də İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - "Ərbəin” qeyd olunub. Qədim ənənəyə əsasən hər il Ərbəin günü insanlar Kərbəlaya ziyarətə gediblər. Rəvayətə görə, hicri 61-ci ildə (miladi 680-ci il) Aşura hadisələrindən sonra İmam Hüseynin (ə) ailə üzvləri əsir alınaraq Kufə şəhərinə, oradan da Dəməşqə xəlifə Yezidin sarayına aparılır.
Ancaq ailə üzvləri əsir aparıldığı, tərəfdarlarının olmadığı bir zamanda ilk dəfə Peyğəmbərin (s.ə.s) səhabəsi (onu görmüş və eyni dövrdə yaşayıb, tərəfdarı olmuş - K.R.) Cabir ibn Abdullah Ənsari İmam Hüseynin (ə) şəhadət xəbərini alaraq Kərbəlaya gəlir. Ərbəin, yəni Aşuradan 40 gün sonra Kərbəlada olan Cabir ibn Abdullah Ənsari ilk dəfə orda Peyğəmbərin nəvəsinə yas tutur. Sonrakı illərdə bu bir ənənəyə çevrilir. Hər il dünyanın müxtəlif yerlərindən olan insanlar Cabir Ənsarinin və eləcə də Dəməşqdə saraydan azad edilən İmam Hüseyn (ə) ailəsinin üzvlərinin etdiyi kimi piyada şəkildə Kərbəlaya gələrək İmam Hüseyni ziyarət edirlər.
Geniş yayılmış ənənəyə görə, zəvvarlar bir neçə gün əvvəl Nəcəf və Kufə şəhərinə gedir və burdan piyada Kərbəlaya yola düşürlər. "Eşq səfəri” adlı yolçuluq bir neçə gün davam edir (bəzi insanlar bütöv ölkəni piyada keçərək Kərbəlaya ayaqla gəlir - K.R.) və Kərbəlada Ərbəin günü başa çatır.
Son illərdə İraqın işğalı və Amerika ordusunun ölkəni tərk etməsindən sonra həm İraqın özündən, həm də başqa ölkələdən Kərbəlaya zəvvarların sayı artıb. Ötən il rəsmi rəqəmlərə görə, 6,5 milyon zəvvar Ərbəin günlərində Kərbəlanı ziyarət edib.
Qeyri-rəsmi rəqəmlərə görə, Ərbəin günlərində Kərbəlaya gələn insanların sayı 17 milyon olub.
"Euronews” telekanalı builki Ərbəin mərasimində 20 milyona yaxın insanın (yerli və xarici) iştirak edə biləcəyini yazıb. Kanalın bildirdiyinə görə, İraq sakinləri ilə yanaşı dünyanın 60 ölkəsindən insanlar gəlib. Ən çox xarici ölkə vətəndaşı isə İrandan gəlib. İranla sərhəddə yaranan sıxlıq səbəbindən rəsmi televiziya kanalları insanları ziyarətə getməməyə çağırıblar.
Qeyd edək ki, İraq rəsmiləri bu il Ərbəin mərasiminə 18 milyon civarında insanın qatılacağını yazıb. Bu insanlar bir gün ərzində deyil, bir neçə gün müddətində şəhərə gəlib çıxan insanlardır. Çünki Kərbəla kiçik, 1-2 milyon arası əhali var. Şəhərdə və yollarda təhlükəsizliyi 25 min İraq polisi və təhlükəsizlik xidməti qoruyur.
İlin digər günlərindən fərqli olaraq İraq əhalisi Ərbəin günlərində ziyarətə gələn insanlara pulsuz xidmət edir, onları evlərində qonaq edir, ərzaqla təmin edirlər. Son illərin statistikasına əsasən Ərbəin mərasimi dünyada ən kütləvi mərasim hesab olunur. İldə bir dəfə keçirilən Həcc mərasimi, eləcə də Hindistanda yerli hindlilərin kütləvi dini ayinlərdən kütləviliyinə görə daha böyükdür.
MediaFax