Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının XIII turunun Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" - "Neftçi" (2:0) oyununun ilk hissəsinin əvvəllərində insident yaşanıb. Belə ki, "Neftçi" klubuna məxsus rəsmilər və futbolçular stadionun VİP lojasından uzaqlaşdırılıblar. Mətbuat və "Neftçi" tərəfi bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi əsasında edildiyini iddia edir.
Məsələni araşdırmaq üçün ilk növbədə məsələdə adı hallanan Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağı məqbul bildik.
Bunun üçün qurumun mətbuat xidmətinin rəhbəri Kənan Məmmədovla əlaqə saxladıq. Kənan bəy sualımızın mahiyyətini anlayınca, ötür-ötür prinsipinə üstünlük verməyi məqbul bildi: "Mən həmin gün stadionda olmamışam. Ümumiyyətlə, bu sual idmanla bağlıdır. Bu suala görə mənimlə yox, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə əlaqə saxlamalısınız".
Zəng edərkən də diqqətinə çatdırdıq. Burda da həmin fikirləri təkrarlayaq.
Əzizimiz, Kənan bəy. Biz kiminlə əlaqə saxlamalı olduğumuzu çox yaxşı bilirik. Əgər hər hansı bir insidentdə bir dövlət qurumunun adı çəkilirsə, ona sualın idman və ya başqa sahəyə aid olmasından asılı olmayaraq, cavab verməli olan şəxs məhz mətbuat katibidir! Bildiyimiz qədəri ilə sizi ora mətbuatın suallarına aydınlıq gətirmək üçün təyin ediblər və müqavilənizdə sualın idmana və ya digər sahəyə aid olması ilə bağlı bir bənd salınmayıb. Hər halda aldığınız maaş sizə mətbuat nümayəndələrinin suallarına aydınlıq gətirməyə görə verilir. Suala cavab vermək iqtidarında deyilsinizsə, bu suala cavab vermək gücündə olan işlədiyiniz qurumun səlahiyyətli şəxsi ilə danışmağımıza imkan yarada bilərdiniz. Hər halda yəqin ki bunları çoxdan bilməliydiniz...
Nə isə... Məsələni Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla dəqiqləşdirmək məcburiyyətində qaldıq.
Cəfərov bunun belə alınmasını "Neftçi" tərəfinin əvvəlkindən daha çox tərkibdə gəlməsi ilə əlaqələndirdi: "Bizim "Skay boks"lar və VİP loja oturub oyuna baxmaq üçün 6-8 nəfər tutur. Biz həmişə qonaq komandalara qarşı diqqətcil olmuşuq. İstəmişik ki, onlar burdan narazı getməsin. Sadəcə, "Neftçi" tərəfi bu dəfə əvvəlkindən daha çox tərkibdə gəlmişdi. Görünür, bu üzdən onların hamısı VİP lojaya sığışmayıblar. Burda icra hakimiyyətlik bir şey yoxdur".
Sonda bu məsələyə yekun nöqtə qoymaq üçün bir daha "Neftçi" tərəfinə müraciət etməli olduq. Klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Rəsulovun sözlərindən də belə aydın oldu ki, göstəriş "yuxarı"dan olub:
"Biz, Bakıdan ezam olunmuş jurnalistlər və baraban çalan "Kəpəz" azarkeşləri bizimlə birgə VİP lojaya yerləşdirilmişdi. "Skay boks"da isə "Neftçi"nin Müşahidə Şurasının üzvlərindən Səməd Qurbanov, icraçı direktorumuz Orxan Hüseynzadə və onun müavini Elnur Eyvazov oturmuşdu. Oyunun əvvəllərində polis bizə yaxınlaşaraq yanımızdakı azarkeşlər kimi "Kəpəz"i alqışlamağımızı istədilər. Dedilər ki, "yuxarı"dan belə deyilir. Təbii ki, biz "Neftçi" tərəfi olduğumuzdan, bunu edə bilməzdik. Belədə polislər - hələ yüngül formada deyirəm - bizdən bu sektordan kənarlaşmağımızı istədilər. Biz də gedib öz azarkeşlərimizin yanından oyuna baxmalı olduq. Sonra "Skay boks"dan oyunu izləyən klub rəsmilərimiz də məsələyə aydınlıq gətirmək üçün yanımıza gəldilər və onlar da bizə dəstək olaraq azarkeş sektorundan sonadək qarşılaşmanı izlədilər. Oyundan sonra isə "Kəpəz" rəsmilərinə bu haqda nəsə deməyə lüzum görmədik. Çünki hər şey "Kəpəz" tərəfinin gözləri önündə baş verdi".
Qeyd edək ki, oyunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Kəpəz"ə aid olan "Skay boks"dan izləyib./qaynarinfo.az/
MediaFax