Kənd sakinlərinin torpaqlarını kimlər qanunsuz zəbt edir?

"Torpağımı zəbt edib, qoz əkirlər. Özümü də şəxsi torpağıma buraxmırlar" - bu sözlər Quba rayonu, Çartəpə kənd sakini Şirməmməd Məmmədov deyib.

Qubanın adıçəkilən kəndində sakinlərə məxsus torpaqlar zorla əllərindən alınır, təzyiq edilir və insanların hüquqları tapdanır. Belə ki, ötən ilin əvvəllərindən etibarən başlayan əkin işlərinin indilərdə əsl üzü ortaya çıxıb.

Məsələ ilə bağlı bəhs etdiyimiz kəndə yola düşdük. Öyrəndik ki, kənd sakinləri tərəfindən makler kimi tanınan Habil adlı şəxs camaatdan bir-bir torpaqlarını almağa başlayıb. Bu günə qədər təqribən 40-50 nəfərdən torpaq satın alan bu şəxs, sahibi ilə anlaşmadığı halda bəzi torpaqları da hasara almaqdan çəkinməyib. Torpaq sahibləri buna etiraz edəndə isə, "Narahat olmayın, pulunuz ödəniləcək" deyib. Onlar da bu sözə inanıb, sakit dayanıblar. 
Bir müddətdən sonra isə işin "rəngi" dəyişib. Pulu ödənməyən, torpağını satmayan torpaq sahibləri polis bölməsinə çağrılmağa başlayıblar. Onlara "Torpağını kəndin o biri başında olan torpaqla dəyiş" tipli təkliflər edilib. Bu təkliflər nədənsə polis tərəfindən olunur. Tez-tez polisə çağırılan sakinlər qorxuya düşüblər. Torpaq sahibləri öz ərazilərinin yaxınlığından belə keçə bilmirlər.

Qanunsuz zəbt edilən torpaqlarda qoz ağacı əkilir. Hətta camaata "Bu, dövlət səviyyəsində olunan işdir. Dövlətə qarşı gəlirsiniz?" deyib, dövlət adından istifadə də edilir. Sakinləri bu formada qıcıqlandırmaq, narazı salıb, təzyiq altında saxlamağın sonu yaxşı olmaya bilər. 

Torpağı zorla əlindən alınan Şirməmməd Məmmədov deyir ki, qanunla torpaq onun olsa da, onu əraziyə buraxmırlar: "1 hektar torpağım var. Sənədlə, qanunla mənimdir, amma torpağıma ayaq basa bilmirəm. Hər tərəfini hasara alıblar. Yerləri şumlayıb, qoz ağacı əkəcəklər. Bakıda işlədiyim üçün xəbərim olmayıb. Torpağımın hasara alındığını kəndə gələndə bildim. Etiraz etdim, səs-küy saldım. Dedilər pulunu verəcəyik, amma vermədilər. Bu problemlə üzləşən tək mən deyiləm, sadəcə çoxu qorxur, bir söz demirlər. Mən torpağımı onsuz da satmaq istəyirdim. 10 nəfərdən ibarət ailə üzvümlə birgə Bakıda kirayədə yaşayıram. Torpağın pulu ilə kreditlə də olsa mənzil almaq və ya elə rayonda ev tikmək istəyirdim. İndi məni bundan da məhrum ediblər. Əlimdə qanuni sənədlərim var. Torpaq mənimdir. Ən yuxarı qurumlara müraciət edəcəyəm. Haqqımı heç kimə yedirən deyiləm".

Eyni problem kənd sakinlərindən biri olan Gülbala Baxışovun da başına gəlib: "Həm mənim, həm də ailə üzvlərimə məxsus olan torpaqları zəbt ediblər. Qanun mənim tərəfimdədir, çünki əlimdə torpağın mənə məxsus olduğunu isbat edən sənədlərim var". 

Sakinlərin sözlərinə görə, qanunsuz zəbt edilən torpaqların bəzilərində əkin işi gedirmiş. Əraziyə səpilən toxumlara baxmayaraq torpaq şumlanıb. Beləcə insanlara 2 qat ziyan vurulub. Hazırkı zamanda, insanların onsuz da maddi sıxıntılarla yaşadığı, kənd camaatının işsizlikdən əziyyət çəkdiyi günlərdə belə halların yaşanması heç də arzu olunan deyil.

İstifadəsiz qalan torpaqlarda aqrar sahənin inkişafı üçün fermer təsərrüfatlarının gücləndirilməsi və rəqabətə davamlı məhsulların istehsalında qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı ötən il Qubada toplantı keçirilib. Deyəsən bəziləri bu toplantından səhv nəticə çıxarıblar. Fermerlərə, torpaq sahiblərinə dəstək vermək əvəzinə, onlardan torpaqları zorla almaq.../musavat.com/

MediaFax