Kənd sakinləri nədən narazıdır?

"Uşaqlarımızın gələcəyini məhv etməyin”

Son günlər təmayül siniflər yaradılması və onların müəyyən məktəblərdə mərkəzləşməsi ilə bağlı aparılan işlər Tovuz rayonu İbrahimhacılı kəndində əhalinin narazılığına səbəb olub. Kənd sakinlərinin fikrincə, onların kəndində yaradılmalı olan təmayüllü siniflər Tovuz rayon təhsil şöbəsinin qərarı ilə digər kəndə salınıb.

Sakinlərin sözlərinə görə, ötən il rayon təhsil şöbəsi tərəfindən təmayül siniflərin İbrahimhacılı kəndinə uyğun olduğu deyilsə də, bir neçə gün əvvəl təmayüllü siniflərin qonşu kəndə yerləşdiriləcəyi bildirilib. İbrahimhacılı kəndinin sakinləri iki dəfə rayon mərkəzinə gedərək təhsil şöbəsinin müdiri ilə görüşmək istəsələr də, istəkləri baş tutmayıb.

Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı kənd sakinləri ilə görüşüb. Akif Sadıqov adına İbrahimhacılı kənd orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini Lətif Alırzayev işlədiyi təhsil ocağının 4 kəndin mərkəzində yerləşdiyini bildirib: "Bütün göstəricilərə görə təmayül siniflər bizim kəndə yerləşməlidir. Yolu asfaltdır, bütün kəndlərə gedən marşrut avtobuslar burdan keçir. Bizim uşaqları göndərmək istədikləri məktəb isə həm uzaq, eyni zamanda da əlverişsiz yerdədir”.

Riyaziyyat müəllimi Mehriban Quliyeva da məsələyə münasibət bildirib: "Əgər əvvəldən bizə siniflərin bu kənddə olacağı deyilməsə, heç narazılıq etməzdik. Lakin qərarın qəfil dəyişdirilməsi iki kəndi üz-üzə qoyub. Məktəblərin fərqinə gəldikdə, buranın şagird sayı Köhnəqala məktəbinin şagirdlərindən iki dəfə çoxdur. Burada 4 dənə 9-cu sinif var. Həmin siniflərdə 75 şagird oxuyur.

Oxumaq səviyyəsinə görə onlardan azı 40 nəfəri təmayüllü siniflərə keçmək qabiliyyətindədir. Buradan rayon mərkəzinə getmək daha rahatdır, nəinki Köhnəqala kəndinə”.
 
Valideynlərdən Səhman Əsgərov və Akif Məmmədov məsələ ilə bağlı aidiyyatı qurumlara məktub hazırladıqlarını və artıq 500-dən çox ailə başçısının məktuba qol çəkdiyini bildirir.

Valideynlər bura imza atanlardan heç bir şəxsin övladını başqa məktəbə göndərmək fikrində olmadığını, bu prosesin gələcəkdə övladlarının təhsildən uzaqlaşmasına səbəb olacağını deyirlər.

Məsələ ilə bağlı Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseyinova ilə əlaqə saxladıq. Validə Hüseyinova məsələdən xəbərdar olduğunu və təmayüllü siniflərin İbrahimhacılı kəndində yerləşdirilməsi üçün lazım olan tədbirlərin görüləcəyini bildirib.

MediaFax