Kəlbəcərdə güllələnən girovun ailəsinə verilən ev geri alınıb? - Yenilənib

10:51 
 
İşğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən geri alınıb.

Bu haqda saytımıza Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib. O deyib ki, Həsənin ailəsinə ev "Dövlətqaçqınkom”un sədri Əli Həsənov tərəfindən verilmişdi:

"Evi Həsənin ailəsinə Müşviqabad qəsəbəsində salınmış yeni şəhərcikdən vermişdilər. Dilqəm və Şahbazın ailəsi ilə bir qonşuluqda. Hətta evin orderinə kimi təqdim etmişdilər. Biz cənab Əli Həsənovun dəfələrlə mətbuatda həmin ailələrin öz istəklərinə uyğun yerdən evlə təmin olunacaqları barədə sözlərini əsas tutaraq, həmin mənzilin Mehdiabaddakı şəhərciyə dəyişdirilməsini xahiş etdik. Çünki Həsənin 2 qızı və yoldaşı orada tək yaşaya bilməzdi. Mehdiabadda yaxınlarımız, qohumlarımız var. Təəssüf ki, "Dövlətqaçqınkom” Həsənin ailəsini nəinki evlə təmin etdi, hətta onun ailəsinə Müşviqabad qəsəbəsindən verilmiş mənzilin başqasına verildiyini söylədilər”.

Komitədən mənzilin boş qalmasını əsas gətirərək, başqa birinə verildiyi açıqlanıb: "Biz dəfələrlə müraciət etsək də, heç olmasa Müşviqabad qəsəbəsindəki evi götürmək istədiyimizi söyləsək də, heç nə alınmır. Sadəcə olaraq bizə deyilir ki, gözləyin. Nəyi gözləyək, kimi gözləyək bilmirik.

"Dövlətqaçqınkom”dan deyirlər ki, "biz gördük ki, ev 4-5 aydır boş qalıb, köçən yoxdu, onu başqasına verdik”. Cənab Əli Həsənov dəfələrlə mətbuatdakı çıxışlarında deyib ki, həmin şəxslərin ailələrinin öz istəklərinə uyğun yerdən evlə təmin olunmasını prezident tapşırıb. Bəs niyə həmin ailələr öz istəklərinə uyğun yerdən mənzillə təmin olunmadılar?”.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Cəbrayıl sakini Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib./modern.az/
 
---------------
11:47
 
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən evin geri alınmasına aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən saytımıza bildirilən məlumata görə, Həsən Həsənovun ailəsi özü evdən imtina edib:

"Bu ailəyə dövlət tərəfindən mənzil verilib. Ancaq, onlar qəti şəkildə həmin mənzildən imtina etdilər. Biz neçə ay gözlədik. Onlar isə həmin mənzilə köçmədilər, yaşamaq istəmədilər. Onlar Mehdiabad qəsəbəsindən mənzil istəyirlər.”

Qurumun rəsmisi onu da əlavə etdi ki, hazırda nəinki Mehdiabad qəsəbəsində, hətta Bakı və onun ərazisində də mənzil tikintisi aparılmır.

Mətbuatda çıxan xəbərə görə, işğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən geri alınıb.

Həsən Həsənovun qardaşı Nail Həsənov ailəyə evin "Dövlətqaçqınkom”un sədri Əli Həsənov tərəfindən verildiyini bildirib.

2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq./aznews.az/

MediaFax