2016-cı il ərzində İşgəncələrə Qarşı Avropa Komitəsi və BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun əməkdaşları Azərbaycana səfər ediblər.
Bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib. O bildirib ki, həmin təşkilatların qaldırdığı məsələlərə həssaslıqla yanaşılıb, fəaliyyətlərinə normal şərait yaradılıb, təhlükəsizlikləri təmin edilib: "İşgəncələrə Qarşı Avropa Komitəsinin nümayəndə heyəti Bakı və 2 saylı istintaq təcridxanalarına, 2, 4 saylı cəzaçəkmə müəssisələrinə, həbsxanaya və müalicə müəssisinə başçəkmə həyata keçirib.
Başçəkmələrdən sonra nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Görüş zamanı nümayəndə heyəti müəyyən iradlarını bildirib və tövsiyələrini verib. Aşkarlanan nöqsanlar üzrə nazirin göstərişi əsasında araşdırmalar aparılıb. Nəticədə 2 saylı istintaq təcridxanasının və 4 saylı cəzaçəkmə müəssisəsinin 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 2 saylı istintaq təcridxanasının rəisi tutduğu vəzifədən azad edilib”.
O. Məmmədovun sözlərinə görə, 2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər, yaxud 3,2 faiz azalıb ki, bu, amnistiya aktının tətbiqi ilə bağlıdır: "Qeyd olunan dövrdə penitensiar müəssisələrdən müxtəlif əsaslarla 7579 nəfər azad edilib. Bu, 2015-ci illə müqayisədə 1661 nəfər çoxdur. Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması ilə əlaqədar, 1503-ü cəzadan vaxtından əvvəl, 137-si əfv aktına, 2891 amnistiya aktına əsasən, 8-i xəstəliyə görə, 110-u qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla azadlığa buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və həbs edilmiş şəxs vəfat edib”./APA/
MediaFax