Keçən il 2 milyondan çox “qonağımız” olub

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 248,8 min nəfər olub.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azərbaycana səfər edən şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəyə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub.

2015-ci il ilə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb.

Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gələn vətəndaşların sayı 16,6 faiz azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1 faiz artaraq 868 min nəfər olub.

MediaFax