Ailə üzvləri fərdi qaydada "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəzada itkin düşən neftçilərin axtarışlarına başlayıb.
Bu haqda Xəzərdə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov məlumat verib.
"Ümidimiz var..."
H. Qayıbov aidiyyatı qurumları məsuliyyətsizlikdə ittiham edib:
"Dənizdən itkin neftçilərə aid əşyalar tapıb "İtkin düşən neftçilərin axtarışının bu formada aparılması bizi narahat edir. Hazırda görünən odur ki, axtarışları yalnız neftçilərin yaxınları aparır. Hadisə olandan bu günə kimi biz özümuz taksi ilə Ələt istiqamətində axtarışlar edirik. Həmçinin, piyada olaraq dəniz sahilində müşahidə aparırıq. İtkin düşən neftçilərin ailə üzvləri, gecə də, gündüz də, yağışda da, qarda da dəniz sahilindədir. Bir neftçinin cəsədi Neftçala ərazindən tapılandan sonra isə ümidimiz artıb ki, bu istiqamətlərdə də tapıla bilər”.
"Axtarışlar davamlı deyil"
O deyib ki, dövlət qurumları axtarışları davamlı olaraq aparsaydılar, itkinlər çoxdan tapılardı:
"Tapılan iki nəfəri də yerli camaat tapıb aidiyyatı qurumlara xəbər verib.Biri hadisənin səhəri günü, digəri də Neftçalanın Mayak kəndində balıqçılar tərəfindən tapılaraq dövlət qurumlarına xəbər vermişdilər. Burada Hamamdağ adlanan bir yer var. Dənizdə balıqçıların atdığı əşyalar, digər tullantılar həmişə o ərazidə üzə çıxır. Buna görə ümid var ki, o ərazidə nəsə tapılsın və biz də daim o ərazilərdə müşahidə aparırıq. Bir ay öncə özümüz Ələtdə axtarış apararkən Hamamdağ tərəfdə dəniz kənarında neftçilərə aid üzərində "SOCAR” yazılan geyim, onlara məxsus yataq əşyaları, ayaqqabı tapdıq. Həmin əşyaları Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təhvil verdik. Onlar isə rəhbərliyə məruzə edib əşyaları özlərinin tapdıqlarını bildirdilər. Bizə isə bildirildi ki, həmin əşyalarla bağlı araşdırma aparılıb nəticəsi ilə bağlı bizə də məlumat veriləcək. Amma bugünədək bizə hər hansı məlumat verilməyib”.
"Artıq səbrimiz tükənib"
H.Qayıbov bildirib ki, bir neçə gün sonra itkin neftçilərin tapılmasını tələb edəcəklər:
"İtkin neftçilərin ailələrinə yardım edirlər. Amma heç bir maddiyyat itirilən insanı geri qaytarmaz. Bizdə sanki insan həyatına qarışqa kimi baxılar. Ölüsünün də itkin düşməsini heç kimə razulamır. Bu hadisələrin baş verməsinə səbəb olanların yaxınları 2 ay ərzində tapılmasaydı, dözərdilərmi?! Helikopter dənizin üzərində 15-10 dəqiqə manevr etməsi axtarışdırmı?! Ruslar Qara dənizdə 93 nəfər itkin düşəndə tapdılar, bəs bizimkiləri niyə tapmırlar?!”.
"İtkinlərin yaxınlarını anlayırıq"
İtkinlərin axtarışı ilə bağlı Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində yaradılan Qərargahdan bildirilib ki, müəyyən edilən sektorlar üzrə itkin neftçilərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Rəsmi məlumatda itkin neftçilərin ailə üzvlərinin bu cür fikirlər səsləndirməsinin başadüşülən olduğu bildirilib:
"Başadüşüləndir, onlar əzizlərini, yaxınlarını itiriblər. Amma hər gün Qərargahda itkinlərin axtarış-xilasetmə əməliyyatlarını həyata keçirən insanların haqqına girmək də doğru deyil. Baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Taninma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar. İstənilən vaxt, istər helikopterlə, istər gəmilərlə aparılan axtarışlarda iştirak etmək üçün yenidən müraciət edə bilərlər”.
"Axtarışların dayandırılması fikirləri absurddur"
Qərargah itkin neftçilərin axtarışlarının dayandırılmasının tamamilə absurd olduğunu bəyan edib:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza – xilasetmə İşləri İdarəsinin "Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlıq qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir. SOCAR – ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri davam etdirilir. İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov” "Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir. Helikopter bir dövr manevr etdiyi vaxt böyük bir ərazini təsbit etmiş olur. Bizim əlimizdə əməliyyatların videosu, fotoları var. Həm də nəzərə alın ki, proses birbaşa cənab prezidentin nəzarətindədir”.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Onlardan İlham Qafarov, Həsənağa Hacıəliyevin meyitləri tapılaraq ailələrinə təhvil verilib./modern.az/
MediaFax