İslam Oyunlarının ölkəmizə xeyri nədir? - Araşdırma

"İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün təxmini 100 milyon dollar nəzərdə tutulub. Onlardan 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Böyük hissə açılış və bağlanış mərasimlərinə xərclənəcək”.
 
Bu sözləri gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirilən mətbuat konfransında səsləndirib. 

Büdcənin hazırki durumunda bu qədər vəsaitin xərclənməsi ictimaiyyətin etirazına səbəb olub. Mediada, sosial şəbəkələrdə insanlar dövlət vəsaitlərinin beynəlxalq oyunlara sərf olunmasını narazılıqla qarşılayıblar. 

Bəs hökumət həmin oyunlardan niyə imtina etmir? 

Bu sualı iqtidara yaxınlığı ilə tanınan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlamasında səsləndirib. O bildirib ki, bu oyunlardan imtina etməyə əsas görmür: "Çünki 100 milyon vəsait Azərbaycan büdcəsi üçün  çox vəsait deyil. Təbii ki, mən əhalinin narahatlığını başa düşürəm. Büdcənin bu cür vəziyyətində beynəlxalq oyunlara ev sahibliyi edilməsini düzgün hesab etmirlər. Ancaq 100 milyon manatlıq vəsaitin ciddi beynəlxalq xarakter daşıyan bir tədbirə xərclənməsi düzgün addımdır və onun verəcəyi divident daha yüksəkdir. Bu beynəlxalq aləmdə ölkənin gününün nümayişi baxımından önəmlidir. Digər tərəfdən bu tədbir turistlərin marağına səbəb olacaq. Bəlkə də turizm sektorunun inkişaf etməsi ilə Azərbaycan həmin vəsaitdən də bir qədər çox qazanacaq”. 

Fəzail Ağamalı bu beynəlxalq yarışların ölkəyə turist axınını gücləndirəcəyini də diqqətə çatdırıb: "Nəzərə alsaq ki, Avropa Oyunları Azərbaycana turist axınını xeyli dərəcədə gücləndirir. Bunun özü ölkəyə turizm axınına təkan verən bir sahədir. Bu baxımdan İslam Oyunları da ciddi əhəmiyyət kəsb edir. Ötən ilin statistikasına görə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır, yəqin ki, İslam oyunlarından sonra bu statistika daha da artar. Bu həm də ölkəyə daha çox valyuta gəlmədi deməkdir. Bu İslam Oyunları təkcə Azərbaycan dövlətinin gücünün beynəlxalq səviyyədə nümayişi deyil, həm də gələcəyə hədəflənən və Azərbaycana külli miqdarda vəsait gətirən turizmin inkişafına yönəlmiş bir prosesdir. Biz bütün imkanlarımızı sosial müavinətin artırılmasına qoysaq, onda Azərbaycan dövlətinin daxildə və xaricdə ciddi nüfuzu olmaz. Ona görə də bu cür beynəlxalq tədbirlərə və yarışlara vəsaitin ayrılması tam məqbuldur və dəyərli vətəndaşlarımız həm də xərclənəcək vəsaitin Azərbaycanın gələcəyinə verəcəyi dividentləri də nəzərdən qaçılmasından. Bunu ölkənin gələcəyinə hesablanan ciddi bir hadisə kimi qəbul etsinlər”.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, büdcədə olan problemləri əsas gətirərək kommunal xərcləri artıran hökumətin idman yarışlarına bu qədər vəsait ayırması doğru deyil, və təbii etiraz doğurur: "Mən düşünmürəm ki, hökumət bu oyunlardan imtina etsin, çünki buna imic məsələsi kimi baxırlar, vətəndaşdan da asılı sistem deyil ki, vətəndaşların etirazını nəzərə alsınlar. Turistlərin artacağına gəlincə, Avropa Oyunların zamanı da belə bir iddia var idi, amma, 2015-ci ildə turist sayı, 2014-cü ilə görə az oldu”. 

İqtisadçı ekspert onu da vurğuladı ki, ölkənin beynəlxalq imicini formalaşdıran əsas amil onun makroiqtisadi göstəricilərinin yüksək olmasıdır: "Oyunlarla imic artırmaq, turist qazanmaq, investisiya artırmaq olmur, bunun üçün digər məsələlər önəmlidir. Yunanıstan və Braziliya örnəkləri sübut etdi ki, tək idman yarışları ilə turist və investisiyalar artmır”./musavat.com/

MediaFax