İşıq pulu qalxacaq? - Ekspert açıqlaması

"Ümumi qiymət bahalaşması kommunal xidmətlər sektorunda da qiymət artımına səbəb olur”

"Günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edildikdən sonra böyük ehtimalla qiymətlər dəyişəcək, bahalaşma gözlənilir. İnanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin”.

Bu barədə İstiPress-ə müsahibəsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsisçisi, iqtisadçı Qubad İbadoğlu Strateji Yol Xəritəsində nəzərdə tutulan elektrik enerjisinin tariflərinin dəyişdirilməsinə rəy bildirərkən deyib.

"Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

"Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. Azərbaycanda qiymətlərin gün ərzində differensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir. Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, "pik yüklənmə” saatlarında (təxminən saat 17:00 – 22:00) isə ən yüksək qiymətə təqdim olunur”, – deyə sənəddə qeyd olunub.

"Ölkədə inflyasiya var, ümumi qiymət bahalaşması gedir. Bu kommunal xidmətlər sektorunda da qiymət artımına gətirib çıxarır.”

Qubad İbadoğlu planda müxtəlif tarif qiymətləri üzrə öhdəliklər nəzərdə tutulsa da bunların nə vaxt reallaşdırılması ilə bağlı konkret vaxtın göstərilmədiyini bildirib. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri budur ki, işığın tarifinin dəyişdirilməsi istiqamətində hələlik müxtəlif araşdırmalar aparılmayıb.
"Kommunal xidmətlər sektorunda inkişafa dair strateji planın müxtəlif dövrlər üzrə hədəfi var – 2020, 2025 və sonrakı illər. Bu kifayət qədər əhəmiyyətli məsələlərdən biridir. Günün müxtəlif vaxtlarında enerji istehsalının fərqli olması, eyni zamanda tələblə təklif arasında tarazlığın yaradılması həm elektrik enerjisindən istifadənin səmərəliliyi, həm də istehlak güclərinin yüklənməsi baxımından çox vacibdir. Gündüz tarifləri aşağı, gecə tarifləri isə yuxarı olur. İnsanlar da çalışırlar ki, tarfləri aşağı olduğu vaxtda daha çox elektrik enerjisindən istifadə etsinlər. Azərbaycanda bunun tətbiqi zəruridir”, – deyə Qubad İbadoğlu bildirdi.

Günün müxtəlif vaxtlarına uyğun işığın tariflərinin fərqli olması qiymətlərin differensiallaşmasına gətirib çıxaracağını deyən iqtisadçının sözlərinə görə, qiymətlərin orta səviyyəsi indiki kimi qala da bilər.

"Qiymətlərin dəyişməsi bazarın tələblərindən, alıcılıq qabiliyətindən, eyni zamanda istehsal olunmuş enerjinin maya dəyərindən asılıdır. İndi bu barədə danışmaq bir az çətindir. Amma inanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin. Böyük ehtimalla işiğin tarifi qalxacaq. Çünki nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya var, digər sektorlarda, bazarlarda ümumi qiymət bahalaşması gedir. Bu kommunal xidmətlər sektorunda da qiymət artımına gətirib çıxarır”, – Q.İbadoğlu sözlərinə əlavə etdi.

Azərbaycanda işıq pulu tarif Şurasının qərarı ilə ötən il noyabrın 28-də bahalaşıb. Qərara əsasən pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Son illərdə elektrik enerjisi ən çox MDB ölkələrində bahalaşıb. Bu ölkələr arasında ən çox Belarusda işıqpulu qalxıb. Devalvasiyadan ciddi zərər çəkən ölkədə hər kilovat-saata görə ödəniləcək məbləğ 4 dəfə artıb.

Siyahının ikinci pilləsində isə Rusiya qərarlaşıb. Ölkədə son illərdəki enerji ödəməsindəki artım 81 faizə bərabərdir. Sonrakı yerlərin sahibi  isə Estoniya, Litva və İspaniyadır. Adıçəkilən ölkələrdə elektrik enerjisi 60% bahalaşıb.

MediaFax