Elektrik enerjisinin yeni tariflərə keçməsindən sonra narazılıqlar artıb, bəzi abonentlər artıq pul hesablanmasından şikayətçidir.
İddialara görə, dekabrın ilk ongünlüyündən iri hesablar gəlməyə başlayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, elektrik sayğaclarına kənar müdaxilə ilə bağlı rəhbərlik etdiyi təşkilata da şikayətlər daxil olub. "Sayğaclarda deşiklər açılması, möhürün qırılması kimi şikayətlər olur. Abonentlərin şikayətlərinin araşdırılması üçün sayğacların yoxlanılmasına ehtiyac yaranır”, - E.Hüseynov deyib.
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə saytımıza işıq pullarının artıq hesablanmasının texniki cəhətdən mümkün olmadığını söyləyib. "Yeni tariflər dekabrın 1-dən tətbiq olunur, buna görə də, 3-5 günün hesabları fərqli ola bilər. Amma 1 qəpik belə artıq pul hesablanması mümkün deyil”, - Mustafayev qeyd edib.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hesabların artıq olmasından şübhələnən hər bir abonent müraciət etsin. Abonent kodu ilə sərf edilən enerjini dərhal yoxlaya bilərlər.
Qeyd edək ki, dekabrın 1-dən elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanır./virtualaz.org/
MediaFax