Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunub. O, Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" şadlıq evinin və "Qarabağ Broyler” MMC-nin sahibidir.
Yeri gəlmişkən qeyd edək ki, N.Əliyevin həbsindən bir müddət sonra onun 20 yaşlı gənc oğlu Asim Əliyev qəfildən dünyasını dəyişmişdi. Belə ki, qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşən gənc qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən yıxılıb. A.Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin dediyinə görə, A.Əliyev infarkt keçirib. Ötən il dekabr ayının 10-da A.Əliyevin toy məclisi olacaqmış./virtualaz.org/
MediaFax