Dəfələrlə Bakının ətraf kənd və qəsəbələrinin bərbad yol və kanalizasiya problemləri ilə bağlı araşdırma aparmışıq.
Əksər qəsəbələrdə uzun illər məskunlaşma olmasına baxmayaraq, hələ də kanalizasiya çəkilməyib. Nəticədə, evlərin çirkab suları zirzəmilərə və yollara axır. Heç vaxt asfalt üzü görməyən yollar isə çirkab suların gölməçəsinə çevrilir.
Eyni vəziyyətə paytaxtın Suraxanı rayonunda da rast gəlinir. Yeni Suraxanı qəsəbəsində yaşayan sakinlərin əsl həyatı asfalt yolun bitdiyi yerdən başlanır. Hər gün palçıq, hər gün çirkab, hər gün əsəbilik. Həm avtomobil, həm də piyadaların payız fəsli başlanandan xırda gölməçələrə çevrildiyi ümumi yolu ancaq qızmar yay aylarında quruyur. İlin 9 ayı isə məhəllə yollarında üst-başın təmiz mənzil başına çatmaq üçün gərək qayıqdan istifadə edəsən. Eyni mövzu ilə bağlı təkrar-təkrar yazsaq da, aidiyyatı orqanlar problemə laqeyd yanaşırlar. Sakinlər deyirlər ki, bələdiyyə və icra hakimiyyətinə müraciət edirlər, amma illərdir verilən cavab dəyişmir: "Pul olanda təmir edəcəyik”.
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, əvvəllər normal ərazilər olsa da, indi yaşadıqları qəsəbə xəstəlik mənbəyi olan üzəri qamışlı çirkab bataqlıqlarla əhatə olunub:
"Əvvəldən buralar bataqlıq deyildi, yalnız bəzi çökəkliklər var idi. Sonradan yaşayış sahəsi çoxaldıqca çirkab sular axıb həmin çökəkliklərə yığıldı. Qəsəbənin kanalizasiya sistemi olmadığına görə, hər sakin öz qapısının ağzında bir quyu qazdırıb, sular da evlərin altına yığılır. Elə evlər var ki, zirzəmisi tamamilə sudur. O qədər şikayət eləmişik ki, deyirlər pulumuz olanda düzəldəcəyik”, - deyə Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 2D döngəsində yaşayan Yusif Qaniyev bildirir.
Onun sözlərinə görə, qazılan quyular da sakinlərin öz vəsaitləri hesabına başa gəlib. Hələ üstəgəl ayda bir dəfə 40 manat verib həmin quyuya dolan kanalizasiya suları çəkilir və iki maşınla daşınır. Qəsəbə sakinləri deyirlər ki, əgər kanalizasiya olsa, küçələr bu vəziyyətə qalmaz.
Eyni qəsəbədə yaşayan Xanım Mollayeva isə bildirir ki, qəsəbənin salınmasından 15 ildən artıq vaxt keçsə də, hələ də yol və kanalizasiya problemi burada yaşayışı mümkünsüz edir:
"Mən burada yaşamıram, hərdən gəlirəm. Gəlməyimə də peşman oluram. Çünki hər yerdə nəmişlik var, kanalizasiyaya görə çox çətinlik çəkirik. Yayda kanalizasiyalar axmır. Amma qış gələndə anbarlar daşır, axıdır. Çirkab sular küçələri bərbad hala salır”, - deyə X.Mollayeva bildirir.
Rayonun Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinləri də 20 ilə yaxındır ki, yol və kanalizasiya problemindən əziyyət çəkir. Qəsəbənin palçıq yollarına nəinki sakinlər, heç avtomobillər də davam gətirmir. Sakinlər bərbad yollarla bağlı dəfələrlə şikayət etsələr də, bələdiyyələr pul ayrılmadığını əsas gətirərək şikayəti icra hakimiyyətinin, icra hakimiyyəti isə məhəllədaxili yollara bələdiyyələrin baxmasını əsas gətirərək qəsəbə bələdiyyəsinin üzərinə atır. Ötür-ötür oyununda ortada qalan sakinlər illərdir heç nəyin dəyişmədiyini görüb cavabdeh qurumlardan əllərini tamamilə üzüblər./virtualaz.org/
MediaFax