İraq PKK-ya yardım edirmiş

Peşmərgə ilə birlikdə PKK terrorçularının Sincardan çıxaracağını deyən İraq rəhbərliyinin kürdlərə yardım etdiyi ortaya çıxıb.
 
"Haber7" məlumat verir ki, dəstək təkcə maliyyə yardımı ilə bitməyib. Son aylarda İraq hökuməti Sincara hərbi təchizat və texnika da göndərib.

Ötən çərşənbə axşamı kürdlərə 12 milyon dollar məbləğində maliyyə yardımı göndərilib. Yanvarın 13-də isə Telafər hava limanına endirilən 2 TIR həcmində hərbi təchizat kürdlərə təhvil verilib.

Bundan başqa, 2 həftə əvvəl İranın dəstəklədiyi Haşdı Şabi-PKK birləşmələrinin İŞİD-in hərbi anbarına tşkil etdiyi hücum zamanı ələ keçirilən külli miqdarda silah-sursatın üçdə biri PKK-ya verilib.

Bütün bu yardımlar ABŞ-ın Bağdaddakı səfirliyinin koordinasiyası ilə həyata keçirilib. PKK-nın rəhbərliyi ilə Sincarda yezidilər üçün qurulan YBŞ-yə (Sincar-Şenqal Mübarizə Birlikləri) son 14 ayda verilən maddi və hərbi dəstəyin 38 milyon dolları ötdüyü bildirilir.

Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) sözçüsü Heyas Surçi İraqın təşkilata etdiyi yardımları təsdiqləyib:

"Bağdad Şenqalda PKK-ya milyonlarla dollar maliyyə və silah verib, bu gizli deyil. PKK ilə İraq arasında açıq bir anlaşma var. Rəsmi Bağdad PKK-ya yaxın silahlı qruplara da dəstək verir. Şenqaldakı PKK qüvvələrinin əlindəki silah İraq ordusunun köhnə silahlarıdır”.

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa səfəri zamanı rəsmi Bağdad terror təşkilatları ilə mübarizə aparacağını açıqlamışdı./axar.az/

MediaFax