İran hərbçilərini Suriyadan çıxarmaq istəmir

"İran Suriya müxalifətinin tələbi ilə qoşunlarını bu ölkədən çıxarmayacaq.”
 
Belə bir bəyanatla İranın Xarici İşlər nazirinin müavini Hüseyn Cəberi Ənsari çıxış edib. "Suriyada sülh planı” çərçivəsində Astanada aparılan danışıqlar zamanı Suriyanın müxalif nümayəndəsi Məhəmməd Əlluş İranin Suriyanın siyasi həyatında hansısa bir rol oynamasına imkan verməyəcəklərini bildirmişdi. Suriya müxalifətinin digər bir üzvü Usama Əbu Zeyd də İran da daxil olmaqla bütün silahlı birləşmələrinin ölkə ərazisindən çıxarılmasını tələb edib:

"Biz bu bəyanatları nəzərdən keçirmirik və onlara cavab da verməyəcəyik. Bütün Suriya xalqı və Yaxın Şərq regionu bədbəxtlik içərisindədir. Onlar problemə obyektiv yanaşmırlar. Problemdən çıxmaq üçün etdikləri təkliflər reallıqdan uzaqdır. Suriyada problemlər silahlı qruplaşmaların təfəkkürü nəticəsində yaranıb: münaqişənin əvvəlində onlar siyasi rejimin tez devriləcəyinə inanırdılar. Amma özlərini çətin vəziyyətə saldılar.”- deyə Ənsari cavab verib.

Suriyayla bağlı danışıqlar 23-24 yanvar tarixlərində Astanada baş tutub. Görüşün təşəbbüskarı Rusiya prezidenti Vladimr Putindir. Onun təklifini Türkiyə və Qazaxıstan prezidentləri də dəstəkləyib./aznews.az/

MediaFax