Azərbaycan prezidenti İlham Əliyev ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon manat, o cümlədən barama toxumlarının alınmasına 163 min manat, tut tinglərinin alınmasına 600 min manat, fındıq pöhrələrinin alınmasına 700 min manat ödəniləcək.
Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etməli, habelə barama toxumları, tut tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı prezidenti təqdim etməlidir.
MediaFax