İntiharların sayı niyə artır? - Araşdırma

Azərbaycanda intihar edənlərin sayı barədə həyacanlı rəqəmlər açıqlanır.
 
Təkcə 2017-ci ilin yanvar ayı ərzində respublika ərazisində 54 intihar hadisəsi və ya intihara cəhd baş verib. Həyatına qəsd edənlərdən 11 nəfəri sağ qalıb, 43 nəfəri isə dünyasını dəyişib. Bu dəhşətli statistika onu deyir ki, hər gün azı 1-2 nəfər özünü öldürmək üçün müxtəlif yollara əl atıb.

İntihar edənlər müxtəlif yaş kateqoriyalarına aiddir, onların arasında 10-12 yaşında uşaqdan tutmuş 80 yaşlı qocaya qədər müxtəlif insanlara - məktəbliyə, tələbəyə, əsgərə, polisə, psixoloqa, müəllimə, pensiyaçıya rast gəlinir.

Rəsmi statistikaya görə, ötən il intihar edənlərin sayı 500-dən çox olub. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 2016-cı ilin təkcə 9 ayı ərzində intiharla bağlı ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfər olub.2015-ci ildə isə özünəqəsdlə bağlı 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Bəs insanı həyatına qıymağa vadar edən nədir? Cəmiyyətdə gün-gündən artan suisidlərin qarşısını müəyyən qədər azaltmaq olmazmı? Son bir ayın statistikası həyəcan siqnalı deyilmi?



İntiharların mümkün səbəblərinə gəldikdə isə bunlar müxtəlif olur: yoxsulluq, sosial-iqtisadi vəziyyətin çətinliyi, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, psixi xəstəliklər, ailədəki problemlər, sağalmaz xəstəliklərə yoluxma və sair.

Bəzi ekspertlər hesab edirlər ki, intihar statistikasını azlatmaq üçün sadalanan problemləri həll etməklə yanaşı həm də psixi sağlamlıqla bağlı qanunun qəbuluna ehtiyac var. Yəni, cəmiyyət psixoloji istiqamətdə maarifləndirilməli, ailə quran gənclər psixoloji baxımdan da bir-birini tanımalıdırlar.

Tibb Universitetinin dosenti Rəşid Mahmudov hesab edir ki, intiharların olmaması üçün düzgün cəmiyyət olmalı və yaxşı şərait olmalıdır. Ekspertin saytımıza bildirdiyinə görə, psixoloji yardım institutları ilə bu problem aradan qaldırmaq mümkün deyil.



"Hər ailədə bir problem var. Eləsi var ki, dolana bilməmək ucbatından intihar edir. Kişi, qadın münasibətlərinə görə intihar edənlər var. Uşaq var ki, ailəsindəki problemə dözmür özünü öldürür.Hər intihara bir səbəb olur. Psixoloji yardım institutnu düzəltməklə intiharları aradan qaldırmaq olmaz. Ailə heç bir qanunla idarə olunmur. Hər ailənin öz qibləsi var. Oxumaqla, qanunla ailə nizama salına bilməz. Bunun üçün cəmiyyətin fomalaşmalıdır, bəzi şeylərə qarşı qınağın olması lazımdır. Əgər cəmiyyət düzgün formalaşsa, onda intihar hallarının sayı da azalar”.

Millət vəkili Elmira Axundova da intiharların sayının narahatedici həddə olmasını təsdiqləyir. Lakin dəfələrlə bununla bağlı mətbuatda çıxış etdiyini və Milli Məclisdə məsələ qaldırdığını deyən millət vəkilinin sözlərinə görə, intiharların yayılmasının qarşısını almaq üçün psixoloq institutunu gücləndirməyə ehtiyac var.



"Bu rəqəm əlbəttə, narahatedicidir. Cəmiyətdə artan zorakılıq, psixoloji gərginlik, aqressivlik və bunun zəminində artan ölüm halları, suiqəsdlər var. Bunlar bir-biri ilə bağlıdır. Əsasən intihar edənlər cavanlardır. İntiharlar müxtəlif səbəblərlə bağlıdır, birinci amil həyatın çətinliyidir. Bütün terrorçu təşkilatlar əsasən gənc insanları təsir altına alır, üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici "boevik” və pozucu internet-saytların təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm kişiləri ağır cinayətlər törətməyə və intiharlara sövq edir. Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidir. Buna görə də, hər bir kənddə psixoloq və sosioloqlar ciddi işləməlidirlər. Azərbaycanda "Psixoloji yardım haqqında” qanun qəbul olunmalıdır”, - deyə millət vəkili bildirib.

Millət vəkili hesab edir ki, bu qanunun qəbulundan sonra belə halların azalmasına nail olmaq mümkündür.../virtualaz.org/

MediaFax