İntihar edən psixoloqun xanımı danışdı

"Həmişə bizimlə zarafatlar edirdi deyə bura gələnə kimi Dəyanətin intihar xəbərinin zarafat olduğunu düşünürdük. Ancaq bu dəfə üzümüzü güldürmədi”.
 
Bu sözləri intiharı ilə hər kəsi təəccübləndirən məşhur psixoloq Dəyanət Rzayevin yas mərasimində iştirak edən qohumları deyib. Onlar bildirib ki, psixoloq hər zaman işi çox olanda və yaxud işdən yorulanda bütün telefonlarını söndürüb ofisində oturarmış. Bu dəfə də elə olub:

"4 gün idi ki, ona zəng çatmırdı. İşlə bağlı olduğunu düşünüb, kimsə narahat etmək istəməyib. Ancaq bu gün orada intihar etmiş vəziyyətdə tapılıb. Ətrafındakılara tez-tez öləcəm deyə zarafat edirdi…

Mediada müxtəlif fikirlər deyilir. Hətta öldürüldüyünü də iddia edirlər. Ancaq hamısı yalandır. Nə xəstəliyi var idi, nə də ki, ailəsi ilə bağlı hər hansı bir problemi. Hamı ilə mehriban davranırdı, çox şən insan idi. Televiziyadan necə tanımısızsa, evində də elə idi. Hələ də inana bilmirik. Elə bir insan nəyə görə intihar etsin?!”

Mərhumun yoldaşı Nüşabə xanım Rzayevin sıxıntılarının olduğunu bildirib:

"O qədər problemləri var idi ki, ölkədən qaçıb getmək istəyirdi. Son vaxtlar elə hey xaricə getmək istədiyini deyirdi”.

Yas mərasimində psixoloqun həmkarları, tanınmış şəxslər də iştirak edib. Aktyor Şamil Süleymanlı Dəyanət Rzayevi belə xatırlayır:

"Sonuncu dəfə marketə girən zaman görmüşdüm. İstədim ki, görüşüm, sonra fikirləşdim onsuz tez-tez qarşılaşırıq. Gecdir, alış-verişimi edim. Nə biləydim axı belə olacaq. O qədər gözəl insan idi ki, bütün küçələrdə nə qədər it, pişik var hamısına yemək verirdi. Heyvanlar belə onu görəndə sevinirdi, görün indi insanlara nə qədər yaxşılığı dəyib”./qafqazinfo.az/

MediaFax