Bir gəlincik qədər doğma, ana qədər yad...
- Hər gün "Ana-ana” oynayırıq Aysu ilə. İkimiz də bacı oluruq.
- Bəs ana kim olur?
- Ana olmur...
Sadəcə oyunun adı belədir – "Ana-ana”. Görünür, 30 yaşında da uşaqlardan öyrənəcəyin oyunlar varmış, heç vaxt oynamasan belə. Həm də internat məktəbində, valideyn himayəsindən məhrum olmuş uşaqlardan.
Əksəriyyəti valideynləri tərəfindən atılsalar da hər kəlmələrində o varlığı yaşatmağa çalışırlar. Onlar uşaqkən böyüyür, bütün problemlərini öz balaca dünyalarında yaşayır, ürəklərində ağlayır, gülür, mübarizə aparır, məğlub olur, qalib gəlirlər. Çoxu heç ananın nə olduğunu dərk etmir belə, bərk-bərk bağrına basıb əzizlədiyi gəlincik üzünü görmədiyi anasını əvəz edir. Hamısının üzündə təbəssüm var, heç kim ağlamır. Amma uşaq vaxtı anamızın bir saatlıq evdə olmayan günləri xatırlayaq. Valideynsiz, xüsusən də, anasız insanın üzü gülər, amma ürəyi gülə bilərmi? Həm də bu, illərlə davam edirsə. Qeyri-ixtiyari Əziz Nesinin bu sətirlərini xatırlayıram.
" ...Öyle bir ağlasam,
Öyle bir ağlasam ki, çocuklar,
Size hiç gözyaşı kalmasa...”
Ən çox atılanlar oğlanlardır
Yolumuzu Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbindən salmağımıza səbəb də elə bu idi – internatda yaşayan uşaqların həyatı, yaşayışı, güzəranı ilə tanış olmaq. Ünvanı tapmaq elə də asan olmadı - uzun axtarışlardan sonra gəlib çıxdıq. Bizi qarşılayıb bir neçə ay öncə təmirdən çıxan internatla tanış edən direktor Dilarə Məşədiyeva öz uşaqlarından çox, buradakı uşaqlarla ünsiyyətdə olduğundan, onlara öz doğmaları qədər öyrəşdiyindən danışdı.
Məktəbə yalnız 6 yaşından yuxarı uşaqlar yerli icra hakimiyyətinin sərəncamı əsasında, Təhsil Nazirliyinin göndərişi ilə qəbul edilir. Hazırda internatda 140 uşaq var ki, onlardan 100-ü oğlan, 40-ı qızdır. Oğlanların sayının həmişə qızlardan çox olduğunu deyən direktorun sözlərinə görə, bu balansın pozulması da qəribə reallıqdır:
"Bir çox hallarda ailələr, valideynlərini itirmiş uşaqların yaxınları qızları internata verməyib özləri baxırlar. Amma oğlan uşaqlarını daha rahat internata yerləşdirə bilirlər, düşünürlər ki, oğlandır, özü böyüyüb özünü idarə edəcək. Bizim məktəbimiz 9 illikdir. Buranı bitirənlər mütləq peşəyə yiyələnirlər. Əgər uşaqlara yiyə duran yoxdursa, bundan sonra da internatda qalırlar. Biz onlar üçün hər cür şərait yaratmağa çalışırıq. Ötən il bizim internat məktəbini bitirən 26 uşaq məzun evinə yerləşdirilib”.
İbtidai sinifdə oxuyan qız və oğlanlar üçün yataqxana eyni binada yerləşir. Amma 5-ci sinifdən başlayaraq yuxarı siniflərdə oxuyan oğlan və qızların qaldığı yataqxanalar ayrı-ayrı korpuslarda yerləşir. Hərəsinin öz adı yazılmış şkafı, çarpayısı, dolabı, bir də rəngli çərçivəyə salınmış fotosu var. Bəlkə də, ailə içində böyüyən, ata-anasına istədiyi ərköyünlüyü edə bilən uşaq üçün bu adi bir şey kimi görünə bilər. Amma valideynsiz böyüyən bu balacalar üçün bəlkə də, sahib olduqları ən qiymətli şeydir. Hələ oyuncaqlarını əzizləyib öz yatağında yer verən, onlarla yatıb duran, bütün xəyallarını gəlinciyə, oyuncaq maşına bağlayıb onlarla dərdləşən uşaqlar var.
Gəlişimiz dərs vaxtına düşdüyündən sinif otaqlarını gəzərək dərslərlə tanış olduq. Şagirdlər verilən tapşırıqlara dərsdən sonra tərbiyəçilərlə birlikdə hazırlaşırlar.
Məktəblilərin ən sevimli dərslərindən birinin rəsm olduğunu təsviri incəsənət müəllimi Ağabala Baloğlanov da təsdiq edir. Onun sözlərinə görə, məktəbdə xüsusi rəssamlıq bacarığı olan xeyli şagird var:
"Rəsm dərsinə həvəs çox böyükdür. Burada gözəl rəsm bacarığı olan uşaqlar var. Məsələn, 3 qızımız - Əminə, Mariya, Leyla FHN-in keçirdiyi müsabiqədə yer tutublar. Mən onların gələcəyinə inanıram”.
Uşaqların çəkdikləri rəsmlər, həqiqətən də, bir-birindən gözəldir. Xüsusən də, portretlər. Amma bir məqam, gözlərdəki kədər və məyusluq bütün rəsmlərdə duyulur - ən xoşbəxt şəkildə belə.
"Onların bizdən başqa heç kimi yoxdur...”
Müəllimlərin çətinliyi əksər uşaqların valideynsiz olduqlarına görə yaranan özünəqapalı xasiyyətləri ilə bağlıdır. Onların psixoloji durumlarını yaxşılaşdırmaq üçün psixoloqla yanaşı, 20 müəllim və 18 tərbiyəçi də çalışır.
"Çətin tərbiyə olunan uşaqlarımız olub. Amma psixoloqlarımızla birgə həmin uşaqların üzərində çalışmışıq. Əgər uşaq bizim internat məktəbinə gəlirsə, onu geri qaytara bilmərik. Çalışırıq ki, bütün uşaqlara eyni gözlə baxaq, onlara daim qayğı göstərək. Çünki onlar sevgini bizdən gözləyirlər. Burada bizdən başqa heç kimləri yoxdur. Biz onların təkcə müəllimləri deyil, həm də valideynləriyik”, - D.Məşədiyeva deyir.
İnternat məktəbi 9 illik olsa da, məktəbə gec gedib buranı xeyli gec bitirənlərə də rast gəlinir. Məsələn, internatın ən yaşlı şagirdi Vadimin 20 yaşı var. O, dərsə gec getdiyindən hazırda 9-cu sinifdə oxuyur.
Müəllimlərlə söhbətimiz zamanı öyrəndik ki, hazırda internatda qalan iki uşaq – bacı-qardaş - ailəyə veriləcək. Bu 14 yaşlı Fidan Əlizadə və qardaşı 10 yaşlı Muraddır. Fidan özü də onu övladlığa götürən ailə ilə tanış olub. Daha əvvəl övladlığa götürülsə də, ailə ilə ünsiyyət tapa bilmədiklərindən yenidən geri - internata qayıdıblar.
"Artıq 2 ildir qardaşımla buradayıq. Bir dəfə övladlığa verilmişdim. Amma yola getmədik. Hazırda övladsız ailə bizi götürmək istəyir. Düzdür, çox istəyirik ki, bizim də evimiz olsun, amma bura da öyrəşmişik”, - Fidan deyir.
Fidan heç vaxt onunla maraqlanmayan valideynlərini görmək istəmir. Onun üçün valideyn qayğı göstərən, tərbiyə, savad verən, bir sözlə, hər dərdində yanında olandır:
"Çox çətin günlərimiz olub. Amma bura gələndən problemlərimiz azalıb. Əvvəl mən də həmişə kimisə gözləyirdim. Həmişə elə bilirdim ki, valideynlərim gəlib bizi aparacaqlar. Amma daha bu vəziyyətə alışmışam. Bilirəm ki, heç kim gəlməyəcək. Əslində, kiminsə gəlməsini də istəmirəm. Bu 14 ildə bir dəfə axtarmayıblarsa, bundan sonra da axtarmasınlar...”
"Yatanda əl-ələ tutub yatırıq”
Burada yaşayan uşaqlar internata o qədər öyrəşiblər ki, övladlığa veriləndən sonra da məktəblə əlaqə saxlayırlar. Elə bir neçə gün öncə hazırda ictimai birlik sədri olan keçmiş internat məzunu məktəbdə uşaqlar üçün treninq keçib.
Yaşından xeyli balaca görünən 8 yaşlı Aysu mənə dostlarından danışır. Deyir ki, bir yerdə oynayırıq, söhbətləşirik, dərdləşirik. Əslində, dünyanın ən böyük dərdi - anasızlıq - onlarındır, bilirəm, amma yenə də, "nə dərdiniz var ki?” deyə soruşuram. Sualıma utancaq gülümsəmə ilə cavab verir:
"Zeynəb, Aysel, Fidan mənim dostlarımdır. Bir yerdə oynayırıq, dərdləşirik. Ən yaxın rəfiqəm Ayseldir. Onu çox istəyirəm. Çarpayılarımız da yan-yanadır. Yatanda da əl-ələ tutub yatırıq.
Burada tək deyiləm, məndən başqa 2 bacım da var. Balaca bacım isə anamın yanındadır. Anam hərdən gəlib bizi evimizə aparır. Onu gözləyirik...”
Uşaq məsumiyyəti ilə anlatdığı bu kəlmələr insanın ürəyini didir. Saçlarını sığallayırsan, qucaqlayırsan, amma nə olsun ki, bir dəqiqəlik nəvaziş onlara təmənnasız ana-ata qayğısını əvəz edə bilərmi?
Ən böyük arzusu gəlincikdən o yana keçməyən bu balacaları bir xoş söz, bir təbəssüm belə xoşbəxt edə bilir. 9 yaşlı Zeynəb də 3 ildir ki, buradadır. Anası imkansızlıqdan onu burada qoyub. Elə o vaxtdan da hər şeyi özü etməyə çalışır, əlbəttə ki, müəllimlərinin və tərbiyəçilərinin köməyi ilə. Hətta səliqə ilə daranmış saçlarını da özü hörə bilir. Dediyinə görə, anası hərdən gəlib onu görür. Onun gəldiyi günlər həyatı öz ritmik axarından çıxır, rənglənir, maraqlılaşır, yaşamağa həvəsi artır. Həm də uzun müddət düşünməyə xatirələr qoyur özündən sonra. Zeynəblə uzun-uzadı söhbət etməkdən yorulmazsan. Vaxtımızın imkan verdiyi qədər söhbətləşirik amma. Bütün bu müddətdə bərk-bərk əllərimdən tutub buraxmır. Sanki getməyimi istəmir...
Qızlarla müqayisədə oğlanlar daha sərbəst görünürlər. Onlar daha sərbəst danışır, fikirlərini ifadə edirlər. Daxilən nə qədər əziyyət çəksələr də, bunu büruzə vermirlər. Yaşlarının az olmasına baxmayaraq, sanki hamısında bir kişi xarakteri formalaşıb.
Nəsibin 8 yaşı var. Bura onu valideynləri gətirib. Hansı səbəbdən olduğunu isə demək istəmir. Heç mən də israr etmirəm. Böyüyəndə evlərinə qayıdacağına elə çox inanır ki... Ən böyük arzusu isə polis olmaqdır. Səbəbini də özünəməxsus şəkildə izah edir: "Polislə həkim olmaq ən yaxşı işdir də...”
Ən sevimlilər ən dəcəllərdir
Müəllimlər uşaqlar arasında fərq qoymasalar da, həmişə xüsusi sevilən şagirdlər olur. D.Məşədiyevanın sözlərinə görə, onun ən çox sevdiyi uşaqlar internatın ən dəcəl uşaqlarıdır. Səbəb isə odur ki, bu uşaqlar daha çox nadinclik etdiklərindən direktorun otağına daha çox gətirilirlər. Hər dəfə onlarla söhbət edən müəllimlə həmin uşaq arasında xüsusi ünsiyyət yaranır.
Qəribə, qarışıq-dolaşıq hisslərlə internatı tərk edirəm. Bilmirəm, onları gəlib gördüyümə, heç olmasa, bir saat ünsiyyətdə olduğuma görə sevinim, yoxsa, öz övladından belə rahatlıqla imtina edən onları bir xoş sözə, bir isti qucağa, bır sığala həsrət qoyan valideynlərin mövcudluğuna qəzəblənim.
Əlimdən tutan o balaca əli xatırlayıram. O, bu balacanı dünyaya bağlayan yeganə bağlantıdır. Onu heç vaxt buraxmaq istəmirəm.../virtualaz.org/
MediaFax