İlham Əliyev yol açılışında

Bu gün Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışı olub.
 
Azərbaycan prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
 
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
 
Ümumi uzunluğu 11 kilometr olan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat–Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.
 
Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr idi. Tikinti işləri çərçivəsində yolun eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hər iki istiqamətində piyada səkiləri inşa olunub. Yolun 1,7 kilometrlik hissəsi isə yenidən layihələndirilərək inşa edilib. Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yeni yol yatağı salınıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır. Bu avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və yeni piyada səkiləri inşa edilib, işıq dirəkləri qoyulub. Bunlardan əlavə, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Ümumiyyətlə, 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85 mindən çox sakinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.
 
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib, inşaatçılarla söhbət edib.
 
Sonda xatirə şəkli çəkdirilib.

MediaFax