09:45
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
"APA-Economics”in məlumatına görə, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.
Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.
Daha sonra dövləti başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
--------------
14:19
Azərbaycan prezidenti İlham Əliyevin Ağstafa rayonuna səfəri başlayıb.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
Sonra İ. Əliyev əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.