İlham Əliyev Beyləqana gedib - Yenilənib

11:02 
 
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gedib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verildi. Bildirildi ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.
 
X X X 
 
Noyabrın 12-də Füzuli rayonunda "Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə "Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə "Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

"Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.
 
X X X
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib.
 
Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtovağzal kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.
 
-----------
13:44 
 
Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.
 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.
 
Qeyd olunub ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir.
 
Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb.
 
Dövlət başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış olub.
 
Qəsəbədəki məktəbdə olan prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 320 şagird yerlikdir.
 
Dövlət başçısı gənclərin çağırışaqədərki hazırlıq kabinetində Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbət edib.
 
Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxıb, onlarla xatirə şəkli çəkdirib.
 
Məlumat verilib ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.
 
Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.
 
---------------
15:05 
 
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.

X X X
 
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

MediaFax