İlham Əliyev - 55

Bu gün Azərbaycan prezidentinin ad günüdür.
 
Modern.az saytının məlumatına görə, ölkə başçısının 55 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub.

MDBƏİ-ni bitirdikdən sonra, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat  seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.

1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

İlham Əliyev 2013-cü il oktyabrın 9-da 3-cü dəfə Azərbaycan prezidenti seçilib, o, seçkilərdə 84,54 faiz (3126113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Prezident Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı var.

MediaFax