İki maşın toqquşdu: 2 ölü, 2 yaralı

Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
 
Hadisə yanvarın 3-də saat 12.00 radələrində Masallı-Yardımlı şosesinin 6-cı kilometrliyində, yolun rayonun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı şəhər sakini, 45 yaşlı Mübariz Rəfail oğlu Bağırovun idarə etdiyi "Fiat” markalı, 90 OZ 304 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn Masallının Qəriblər kənd sakini, 51 yaşlı Rövşən Əsgər oğlu Əmənovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobillə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin "VAZ-2107”-nin sürücüsü və yanındakı sərnişini olan həmkəndlisi, 45 yaşlı Təminə Sərdar qızı Hakıyeva  aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
 
Onların meyitləri morqa aparılıb. "Fiat”ın müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücüsü və "VAZ-2107”-nin sərnişini,  Masallının Qəriblər kənd sakini, 13 yaşlı Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra sürücü ambulator müalicəyə buraxılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş Z.Həmzəyevanın vəziyyəti isə ağır qiymətləndirilir.
 
İlkin versiya kimi qəzanın "Fiat” markalı avtomaşının "VAZ-2107”-nin yoluna çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./APA/

MediaFax