Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun keçmiş xanımı bu günlərdə 3 dəfə intihara cəhd edib.
Müğənni-psixoloqun iki övladının anası Aygün Əmiraslanova sonuncu intihara cəhd zamanı qayçı ilə ayağına xəsarət yetirib, nəticədə hazırda yerimək qabiliyyətini itirib. Bu barədə A.Əmiraslanovanın özü məlumat verib.
Onun sözlərinə görə, bir ildən çoxdur ki, N.Bəyləroğlu müxtəlif bəhanələr ilə uşaqlarına aliment ödəməkdən yayınır. Bu səbəbdən övladları ilə birgə çətin durumda yaşayır. O isə belə vəziyyətin ağırılığına dözməyərək həyatına qəsd etməyə çalışıb:
"Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qərarına əsasən Nurlan mənim xeyrimə hər ay 416 manat aliment pulu ödəməlidir. Lakin həmin qərar icra olunmamiş qalır. Bu günə kimi onun mənə sentyabr ayı da daxil olmaqla, 3406 manat aliment borcu olmasına baxmayaraq, Suraxani icra şöbəsi və Ədliyyə Nazirliyi alimentin icra olunmasi ilə bağlı heç bir qanuni tədbir görmür. Maddi çətinliklərim var, uşaqlarımı dolandıra bilmirəm. Eşitmə qabiliyyətimi itirmişəm, 3-cü qrup əliləm. Sağlamlığımda yaranmış problemlər üzündən işsizəm. Bütün bunlara dözə bilməyib bir neçə dəfə intihara cəhd etmişəm. Sonuncu dəfə isə əlimdəki qayçı ilə ayağıma xəsarət yetirmişəm. Diz qapağına dəyən xəsarət nəticəsində hazırda yerimək qabiliyyətimi itirmişəm. Təcili yardım məni Sabunçu xəstəxanasına aparsa da orada icra şöbəsinin səhlənkarlığı ucbatından intihar etdiyimi eşidən kimi mənə biganə yanaşdılar, xəstəxanaya qoymadılar. Övladlarımla çox ağır durumda yaşayırıq. Aidiyyatı orqanlardan xahiş edirəm, övladlarımın aliment məsələsində mənə köməklik etsinlər”.
Xatırladaq ki, Nurlan Bəyləroğlu Kərimov Aygün Əmiraslanova ilə 2005-ci ildə ailə həyatı qurub. Bu izdivacdan onların iki oğlan övladı var. A.Əmiraslanova bundan əvvəl də bizə müraciət edərək N.Bəyləroğlunun alimentdən yayındığını, övladları ilə maraqlanmadığını bildirmişdi. Qarşı tərəfin vəkili Elçin Məmmədoğlu isə qəzetimizə açıqlama verərək uşaqların atasının Nurlan Bəyləroğlu olmadığını iddia etmişdi. Vəkil əsassız ittihamlara görə Aygün Əmiraslanova barəsində şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiklərini bildirmişdi. Yazıda adı hallanan şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq./musavat.com/
MediaFax