İcra başçısından şikayət var

Neftçala rayonun sakini, sahibkar Həsənov Rafil Abasət oğlu saytımıza müraciət edərək Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin onun başına açıdığı "oyunlardan” bəhs edib. 

Sahibkarın sözlərinə görə, icra başçısı ona aid olan 500 hektar qış otlaq sahəsini zorla əlindən alır. Buna səbəb isə İsmayıl Vəliyevin ondan kənd təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev vasitəsi ilə ikinci dəfə 40 min manat rüşvət istəməsi və sahibkarın başçının bu tələbinə rədd cavabı verməsidir.

Redaksiymıza müraciət edən Rafil Həsənov aşağıdakıları söyləyib: "Mən Həsənov Rafil Abasət oğlu 2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürmüşəm. Bu torpaq sahəsini icarəyə götürükən sənədlərin hazırlanması zamanı Neftçala rayon İcra Hakimiyyətinin başçsı İsmayıl Vəliyevlə görüşdüm və ona sənədlərin müqabilində istədiyi məbləği verdim. Sənədləri aldıqdan sonra ərazidə müxtəlif təsərrüfat təyinatlı tikinti işləri apardım. Üç il müddətində fermanı inkişaf etdirərək müasir səviyyəli heyvandarlıq kompleksi yaratdım. Hazırda bu kompleksdə 17 ailə çalışır və mən bu ailələri işlə təmin edirəm. Fermada 300 baş iribuynuzlu, 1500 baş xırdabaşlı heyvan bəslənilir. Açığı bu təsərrüfatı qurmaq üçn mən üç ildir ki, gecə-gündüz çalışmışam. 

Bir neçə ay əvvəl Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev yanıma gələrək bildirdi ki, icra başçsı İsmayıl Vəliyev 40 min manat istəyir. Əks təqdirdə 500 hektar torpaq əlimdən alınacaq və üç il müddətində tikdiyim heyvandarlıq komleksi isə söküləcək. Mən Mustafa Əliyevin bu tələbinə etiraz etdim və bildirdim ki, üç il əvvəl torpaq sahəsini alarkən icra başçısı ilə özüm görüşmüşəm və istədiyi məbləği də ona vermişəm. İndi isə mənim ona verməyə pulum yoxdur. Çünki bütün sərmayəmi heyvandarlıq kompleksinin qurulmasına sərf etmişəm. Bunun əvəzində isə Mustafa Əliyev bildirdi ki, ya tələb olunan 40 min manatı verməliyəm, ya da torpaq sahəsi başqa bir iş adamına satılacaq. Dərdini hara istəyirsən deyə bilərsən. 

Sözün düzü mən bu boyda haqsızlığın və özbaşınalığın baş verəcəyinə inanmadım. Çünki heyvandarlıq kompleksinin qurulması üçün çoxlu pul və əmək sərf etmişdim. Hazırda bu heyvandarlıq kompleksində 17 ailə çalışmaqda və dolanmaqdadır. Məsələ ilə bağlı Prezident Adminstrasiyasında oldum. Onlara problemimi anlatdım. Bu günə qədər çəkdiyim xərcləri, verdiyim rüşvətləri və əziyyətləri dilə gətirdim. Mənə deyilər ki, məsələni araşdıracaqlar. Lakin indi yaranan vəziyyətdən belə görünür ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev Prezident Adminstrasiyasını saymır. Çünki artıq Mustafa Əliyev mənim adıma sənədləşdirilən torpağın satıldığını bildirərək məndən tələb edir ki, ərazini tərk edim. Tikililəri söküm, 17 ailəni taleyin ümidinə buraxım və yüzlərlə heyvanı satım. Açığı mən özbaşınalığın bu həddinə çaş-baş qalmışam. Möhtərəm prezidentimiz hər çıxışında qeyd edir ki, icra başçıları sahibkarlığın inkişafına yardımçı olmalı, yeni iş yerlərinin açılması üçün çalışmalıdırlar. Lakin ortada olan mənzərə məni çaş-baş salır. Hazırda bir icra başçısı öz şəxsi qazancı üçün 17 ailəni dolanışıqdan məhrum edir. Mənim min cür əziyyətlə ərsəyə gətirdiyimi fermam söklür. Bütün bunlar ona görə olur ki, rüşvət tələbini rədd etdimiyə görə icra başçısı mənə aid olan torpağı başqasına satır. 

Mən sizə o torpaqların mənə aid olması ilə bağlı bütün sənədləri təqdim edirəm. O sənədlərdən də açıq şəkildə görünür ki, sözükeçən qış otlaq sahələri 15 il müddətinə mənə verilib. Amma möhtərəm prezidentmizin sahibkarlığın inkişafı ilə bağlı tapşırıqlarına məhəl qoymayan İsmayıl Vəliyev iqtisadiyyatımızın inkişafına birbaşa mane olur. Buna görə də hüquq-mühafizə orqanlarından və digər əlaqədar dövlət qurumlarından xahiş edirəm ki, İsmayıl Vəliyevin bu özbaşınalığı araşdırılsın. Əgər mən bu məsələdə az da olsa haqsızamsa və yalan danışıramsa, onda istənilən cəzanı çəkməyə və heyvandarlıq kompleksini İsmayıl Vəliyevə bağışlamağa hazıram. Yox, əgər mənim dediklərim həqiqətdirsə, onda dövlət qurumları İsmayıl Vəliyevi və onun əlaltısı Mustafa Əliyevi cəzalandırmalıdır. 

Bir daha Prezident Adminstrasiyasına müraciət edirəm və xahiş edirəm ki, əllərində olan səlahiyyətlərdən istiadə edərək icra başçısının özbaşınağını dayandırsınlar”.

Qeyd edək ki, son zamanlar Neftçala rayonunda sahibkarların incidilməsi ilə bağlı vətəndaşların müraciətlərinin sayı artmaqdadır. Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, bizə bildirdilər ki, icra başçısı hazırda yerində yoxdur. Mustafa Əliyevin telefon nömrəsini isə bizə verməkdən imtina etdilər. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./milliyol.az/

MediaFax