İcra başçısına ittiham: “Özünə 3 villa tikdirib”

Bakıya ən yaxın turizm rayonunda yanacaqdoldurma məntəqəsinin, aptekin və bazarın olmaması ciddi müzakirələr yaradıb.

Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev saytımıza rayondakı vəziyyətlə bağlı danışıb. O, rayondakı bir çox problemlərə toxunub:
 
"20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Məndən sonra rayonda 8 icra başçısı dəyişib. Düzdür, hərəsi özünə uyğun işlər görüblər. Aptekin olmaması ilə bağlı sakinlər mənə də müraciət ediblər. Orada xəstəxana tikiblər və mən bilən yaxşı fəaliyyət göstərir, camaat bundan razıdır. Xəstəxananın içində aptek ola bilər. Xızıya şəhər statusu veriblər, büdcəsi xeyli çoxalıb. Amma küçələrin əksəriyyəti gecələr işıqsızdır. 90-ci illərdə biz oranın hamısını çıl-çıraq etmişdik. Hazırda Xızı şəhərində mal-qara küçələrdə "kef çəkir”.

Rayonun keçmiş başçısı Xızıda yanacaqdoldurma məntəqəsinin olmamasından da danışıb: "Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm. Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Əhali artıq buna öyrəşib. Sovet dövründə müharibədən sonra benzini necə satırdılarsa, indi Xızı o dövrün taleyini bu sahədə yaşayır. İndi Altıağaca gedin görəcəksiniz, 700-ə yaxın yaşayış binası var, onun 500-ə yaxını villadır. O villalarda da demək olar ki, adam yaşamır. Hətta rayonda təkər yamayan yer də yoxdur. Orada tikinti aparanda qapı-pəncərə düzəltdirmək üçün yer tapmadım. Bakıda düzəltdirib apardım. Xızının mərkəzində tikinti malları mağazası belə yoxdur. Bu sahələrə ümumiyyətlə, fikir verilmir. Vaxtı ilə rayon mərkəzində 35 satış yeri olan bazar tikmişdik, onu da sökdülər. Azərbaycanda bazarsız bir rayon varsa, o da Xızıdır. İstəsən bazar tikəsən, icra başçısı onu da dağıdacaq”.

Maksim Musayev rayonun hazırki başçısı Xəzər Aslanovun özünə 3 villa tikdirdiyini vurğulayıb: "Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb”./musavat.com/
 
MediaFax