Lerikin icra hakimiyyəti başçısı Rövşən Bağırov hakimiyyətin qəzəbinə tuş gəlib. Bu barədə əldə etdiyimiz məlumatda iddia olunur ki, ucqar dağ bölgəsinin rəhbəri Lerikdə əhalini üsyan həddinə çatdırıb…
Politika.Az-a danışan yerli sakinlərdən biri deyib ki, R.Bağırov barədə Prezident Administrasiyasına çoxsaylı şikayət məktubları ünvanlanır. PA rəsmilərinin çıxışlarında da vurğulanıb ki, icra hakimlərinin fəaliyyəti izlənir, onlardan gələn şikayətlərin statistikası aparılır və müvafiq qiymət verilir. Bildirilir ki, Lerikdən şikayətlər artmaqdadır.
Prezident İlham Əliyev onu Lerikə rəhbər təyin edərkən tapşırıb ki, əhali ilə işləsin, xidmət göstərsin, qulağına şikayətlər çatmasın, dağ bölgəsinin camaatını incitməsin.
Amma R.Bağırov saymazyana hərəkətlər edir, insanları dinləmir, şikayətçiləri qəbul etmir, rayon isə yol, kommunal, işsizlik, məmur biganəliyi, rüşvətxorluq məngənəsində boğulur.
Adi bir problemə diqqət edək. Lerik rayonun Veri ərazisində 3800-dən yuxarı əhali yaşayır. Veri ərazisində həyat rəsmən sönüb. Veri ərazisini əsas magistral yolu Piran-Veri 14 km yol pis vəziyyətdədir. Bakıdan 400 km uzaqlıqda yerləşən Lerik rayonun Veri-Babakücə kəndindən Sizə müraciət edirik”- deyən məktub müəllifləri qeyd edirlər ki, adıçəkilən yolun təmiri ilə bağlı dəfələrlə müafiq orqanlara müraciət olunsa da, həmişə eyni cavab verilib: pul ayrılsa yolun təmirinə başlanacaq:
"Amma əfsuslar olsun ki, bu günümüzə qədər kənd əhalisinin öz vəsaiti hesabına təmirdən başqa bu yola baxan olmayıb. Neft, qaz ölkəsi olan Azərbaycanımızda təssüflər olsun ki, kəndimizdə hələ də əhali mavi yanacağla təmin olunmayıb. Baxmayaraq ki, əsas qaz torbası kəndimizin 3 km yaxınlığından keçir, ancaq 3 km-lik qaz torbasını çəkməyə hələ də müafiq qurumlar pul tapa bilmir. Amma bu qazın çəkilməməsi ekalogiyamıza hər gün ziyan vurur. Meşələr məhv olur”.
Sakinlər bankomat problemi ilə üzləşdiklərini də qeyd ediblər: "İndi də bu bankomatı kənddən aparmaq istəyirlər. Halbuki bu bankomat nəinki Veri, hətta, qonşu kənddə yaşayan insanların imdadına çatır.
Əvvəllər insanlar ya Lerikə, ya da Lənkərana gedərək öz əməkhaqlarını ala bilirdilər. Bu da ən azından insanlara 30-50 manata başa gəlirdi. Qışda isə qar və çovğunu nəzərə alsaq, hətta, 60-70 manata başa gəlirdi. Cənab Prezident, indi isə bu bankomatı kənddən aparmaq istəyirlər. Heç düşünmürlər ki, 100-150 manat pensiya alan qoca nənələrimiz qışın bu soyuğunda vaxtında neyləyəcək?Axı, onların umidi o 100-150 manat pensiya qalıb.
Onların da bu qoca vaxtlarında bir çox problemi var. İndi qışın bu soyuğunda, həm də yolların bərbad vəziyyətində ya Lerikə, ya da Lənkərana getmək yenə 50-60 manata başa gələcək. 60-70 manatla neyləsin bu insanlar? Hansı problemini həl etsinlər bu pulla? Axı bu insanların günahı nədir ki, bəziləri zülm etməyə çalışır insanlarımıza?”
MediaFax