Cəbhədə bölgəsində idman klubları bağlanır, icra başçısı "mənlik deyil” deyir
Azərbaycan Prezidenti İlham Əliyev daim ölkədə idmanın inkişafına böyük diqqət ayırıb. O, dəfələrlə qeyd edib ki, idman bizim siyasətimizin əsas prioritetlərindən biridir:
"Hər bir ölkənin gücünü əks etdirən həm də onun idman potensialı, idman nailiyyətidir. Azərbaycanda hər sahədə olduğu kimi, idmanda da böyük inkişaf var. Şadam ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır. İdmançılar Azərbaycanda böyük hörmətə layiqdirlər və ictimaiyyət tərəfindən onların fəaliyyətinə yüksək qiymət verilir”.
Bu, ölkə başçısının idmana və idmançılara olan münasibətidir. Təəssüf ki, regionlarda bəzən bu münasibətlərin əksi ilə rastlaşırıq. Məsələn, Tərtər rayonundakı kimi..
Bu günlərdə redaksiyamıza maraqlı, həm də qəribə xarakterli fakt daxil olub. Bildirilib ki, Tərtər rayonunda fəaliyyət göstərən idman federasiyaları, idman klublarının fəaliyyəti dayandırılıb. Saytımıza verilən məlumata görə, bununla bağlı rayonun icra başçı göstəriş verib.
Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov saytımıza açıqlama verib. O belə bir göstəriş vermədiyini deyib:
"Ümumiyyətlə, İcra Hakimiyyəti belə məsələləri tənzimləmir. Ola bilər ki, rayonda qanunsuz fəaliyyət göstərən klublar olub və onların fəaliyyəti dayandırılıb. Necə ki, bu yaxınlarda rəhbəri narkoman olan idman klubu bağlandı. Həmin klub 8 il idi ki, fəaliyyət göstərirdi. Amma onun da bağlanmasını biz icra etmədik. Bu sırf hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Adam narkomandırsa, onun fəaliyyəti necə dayandırılmasın ki?”.
M.Məmmədov orta məktəblərdə əlavə idman dərslərinin keçirilməsinin məhdudlaşdırıldığını etiraf edib:
"Məktəb təhsil üçündür. Eyni zamanda kimlərsə də orta məktəblərdə hansısa otaqlarda özü üçün idman dərsləri keçib pul qazanmaq istəyirsə, bu, yolverilməzdir. Kiminsə təhsil müəssisəsinə göstəriş vermək ixtiyarı yoxdur ki, filankəs orada idman dərsləri keçsin.
Konkret şəxslə bağlı məsələyə gəldikdə isə həmin şəxs cinayət törədib və tutulub. klubunun da fəaliyyəti dayandırılıb”.
Maraqlı məqam rayon icra başçısının qadağa ilə razılaşmadığı halda, müəyyən məqamları etiraf etməsidir. O rayon ki, cəbhə bölgəsində yerləşir. Vətəndaşları daim düşmənlə üz-üzə gəlmək qorxusu yaşayır. Bu cür sərhəd rayonlarında idmanın inkişafına xüsusi diqqət ayrılması əvəzinə qadağalar qoyulması isə anlaşılan deyil.../modern.az/
MediaFax