İcra başçısı deputatlarla niyə yola getmir?

Tovuzun icra başçısı deputatlarla niyə yola getmir?
 
Rayonlarda deputatlarla icra başçıları arasında münasibətlər çox vaxt elə də yaxşı olmur. Deputatların seçicilərinin rəylərindən qaynaqlanan narazılıqları, etirazları müxtəlif dövlət qurumları qarşısında qaldırması son nəticədə icra başçılarının "başında çatlayır”.

Politika.Az xəbər verir ki, seçicilərinin səsinə həssas yanaşan deputatlardan biri də 105 saylı Tovuz seçki dairəsindən olan deputat Qənirə Paşayevadır. Onun seçicilərlə sıx ünsiyyətdə olması, onların bir çox problemlərinin yerində həllinə çalışması, məsələləri müxtəlif dövlət qurumlarının rəhbərləri ilə birbaşa həll etməsi yaxud buna çalışması deyəsən Tovuz rayon icra başçısı Tofiq Zeynalovun xoşuna gəlməyib. Təsadüfi deyil ki, ötən il keçirilən sonuncu parlament seçkisində başçı özünün qohumu olan xanım direktoru YAP-ın namizədi kimi seçki marafonuna qoşmuşdu. 

Hətta Politika.Az-a daxil olan məlumata görə, başçı bütün qüvvəsini işə salaraq seçkilərdə həmin xanımın deputat seçilməsinə çalışıb. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Q.Paşayevanın əvvəlki illərdən bəri gələn aktivliyi onun yenidən seçicilər tərəfindən dəstəklənməsini təmin etdi. Redaksiyamızı məlumatlandıran mənbə onu da bildirir ki, başçı rayonda deputata yaxınlığı ilə seçilən məmurları sıxışdırır: "Məsələn, Təhsil Şöbəsinin müdiri Validə Hüseynovanı Tofiq Zeynalov bir dəfə işdən çıxarıb, lakin o yenidən işinə bərpa oluna bilib. Bütün bunlara baxmayaraq, deputatla icra başçısı bütün rəsmi tədbirlərdə yan-yana olurlar”.

Mənbə bildirir ki, icra başçısının rayondan olan digər deputat - 104 saylı Tovuz-Gədəbəy dairəsini parlamentdə təmsil edən Rafiq Məmmədhəsənovla da münasibətləri yüksək səviyyədə deyil: "Rayonun dağ kəndlərinə demək olar ki, heç bir dövlət qayğısı yoxdur. Əvvəlki deputat Nazim Məmmədhəsənovun zamanında yol, qaz problemləri nisbətən həll olundu, amma Rafiq Məmmədhəsənov bu istiqamətdə heç bir iş görə bilmir, çünki Tofiq Zeynalovla münasibətləri kəskin dərəcədə pisdir”.

MediaFax