Azərbaycanın zəngin mədəniyyətini təkcə tarixi abidələrə, əsərlərlə baxmaqla yox, həm də sıradan insanların yaratdığı bənzərsiz əl işlərinə tamaşa etməklə də görmək olar.
Axar.az xəbər verir ki, belə sadə insanlardan biri də İçərişəhərdə öz əl işlərini satan Adəmdir. Gənc müəllim Kamran Nizami sosial şəbəkədə sənətkar Adəmlə tanış olmasından və onun qeyri-adi işlərindən yazıb:
"İçərişəhərdə rəsm əsərlərinə, heykəllərə baxırdım, Adəm adlı bir insanla tanış oldum. Əsərləri diqqətimi çəkdi, ağacın üzərində insan portretləri yaradır. Belə asan görünə bilər, ancaq bir xeyli əziyyətli işdir. Əvvəllər fotoqraf işləyib. Deyir, "bir gün İçərişəhərdə gəzəndə qarşıma bir ağac budağı çıxdı, başladım üzərində rəsmlər yaratmağa”. 7-8 ay olar bu işlə məşğuldur. Dediyinə görə, ölkədə bu işlə məşğul olan tək odur. Avropada isə bu sahə kifayət qədər inkişaf edib. Vizit kartını verdi ki, "almaq istəyən, öyrənmək istəyən olsa, təmənnasız öyrədərəm, özümdən sonra şagirdim olsun”. Mənə bir şey maraqlı gəldi ki, heykəllərin hekayəsi yox idi. İkinci dəfə təkrar olunmayacaq insan sifətləri...”
MediaFax