Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bütün ittihamlara baxmayaraq, müqavimət qüvvələrinin Suriyada tətbiq olunan istənilən atəşkəsi qəbul etdiyini bildirib.
ABNA xəbər verir ki, Seyid Həsən Nasrullah müqavimət alimlərindən olan Şeyx Həsən Abidin anım mərasimində etdiyi çıxışında bu barədə danışıb: "Təəssüf ki, bəzi ərəb mətbuatı Livanın Hizbullah hərəkatını ittiham edərək, onun Suriyada baş verən atəşkəs rejiminin əleyhinə olduğunu iddia edir. Lakin Hizbullah hərəkatı olaraq, Suriyadakı qanlı müharibənin dayandırılması üçün tətbiq olunan hər cür atəşkəsə müsbət yanaşdığımızı açıq söyləyirəm. Ərəb mətbuatının oyunlarının pərdə arxasında atəşkəsi pozan, terroru dəstəkləyən bəzi ərəb və Qərb ölkələri var. Livanın Hizbullah hərəkatı əleyhinə ittihamlar məzhəbi münaqişələri gündəmə daşımaq üçündür.
Hələbdə əldə edilən qələbə Suriyadakı sülh danışıqlarının sürətlə irəliləməsinə səbəb olub. Suriyada fövqəladə dəyişiklik baş verdi. Məsələn, Türkiyə rəhbərliyi İŞİD terror təşkilatı qarşısında davranışını dəyişdi. Beynəlxalq cəmiyyət 6 ildən sonra terror təşkilatlarına qarşı mübarizəyə başladı, ancaq bizlər illər öncə terrorçulara qarşı mübarizə üçün Suriyaya getmişdik. Bu ölkədə əldə olunan nailiyyətlər Suriya xalqı, dövləti və ordusunun terrorçular qarşısında göstərdiyi müqavimətə aiddir.
ABŞ-da Trampın seçilməsi bizim üçün yeni proses formalaşdırmayacaq. Tramp ABŞ-ın əsl siması olan irqçiliyi, təxribatçılığı və cinayətkarlığı əyani şəkildə göstərdi. Onun seçilməsilə heç bir narahatlığımız yoxdur. Əksinə müsbət baxırıq, çünki bir axmağın Ağ Evdə olması dünya məzlumları üçün yaxşı ola bilər.
Trampdan əvvəl də bəziləri maska taxıb diqqətlə danışıb sanksiyalar tətbiq etdi və Yəmən kimi ölkədə müharibələr törətdi. Hətta onlar İŞİD terror təşkilatını da yaratdı. Ancaq ABŞ-ın yeni prezidenti iki üzlülüyü bir kənara qoyub, Amerika rəhbərliyinin qəddar, irqçi və vəhşi simasını ortaya qoydu"./deyerler.org/